Sabiq nazir Tofiq Zülfüqarovun aşağıda qeyd edilən yazıda Lənkəran polis rəisi barədə iddialarına DİN-in Mətbuat Xidmətindən reaksiya verilib.
Mətbuat Xidmətinin DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Lənkəranda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri görülür:
"Təkcə cari ilin 9 ayı ərazində bu istiqamətdə aparılan əməliyyat-axtarış, nəzarət -profilaktiki tədbirlər nəticəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 192 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlardan 60 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Antinarkotik təbliğatı çərçivəsində polis əməkdaşları tərəfindən təhsil müəssisələri, gənclər və əmək kollektivlərində maarifləndirici görüşlər təşkil edilir".
Mətbuat xidmətindən o da qeyd olunub ki, bundan əlavə ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsinə qarşı, həmçinin avaralıq və dilənçiliklə məşğul olan şəxslərlə bağlı mütəmadi profilaktiki tədbirlər həyata keçirilir və aşkarlanan hallarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülür.
***
“Ölkənin cənubuna getmişdim. Təbiəti çox gözəldir... amma nədən Lənkəranın küçələri zibillikdir? Hətta mərkəz də təmizlənmir, Dram Teatrının yaxınlığında zibil yandırılır...”
Mia.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bunları Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov özünün “feysbuk” səhifəsində yazıb.
Sabiq nazir Lənkəran küçələrində natəmizlik və dilənçiliyin tüğyan etdiyini bildirib və buna görə rayon rəhbərliyini, polisi günahlandırıb: “Şəhər peşəkar dilənçilərlə doludur, belə görünür ki, şəhər polisi (dilənçilərlə-red.) şərikdir”.
T.Zülfüqarov daha sonra öz şərhində ona işarə edib ki, şəhərin icra başçısı və polis rəisinin şəxsi maraqları Lənkəranın bu vəziyyətə düşməsində əsas səbəblərdən biridir. Sabiq nazir hesab edir ki, bu vəziyyətə görə həm də Prezident Administrasiyasının rəhbərliyi məsuliyyət daşıyır: “Küçələrdən zibil yığışdırılmırsa, deməli icra başçısı süpürgəçilərin əmək haqlarını yeyir, əgər küçələrdə peşəkar dilənçilər peyda olursa, deməli şəhər polis idarəsi digər gəlir mənbələrilə yanaşı, bunu da təcrübədən keçirir... bütün bunlar o zaman mümkündür ki, “Ağ evin”(Prezident Administrasiyası nəzərdə tutulur-red.) region üzrə kuratoru yerlərdən gələn siqnallara susur. Problem isə iki zənglə həll oluna bilir...”
Azərbaycanda sabiq yüksək rütbəli məmurların hazırkı idarəçiliyi və məmurları tənqid etməsi çox nadir hallarda rast gəlinən praktikadır. Təbii ki, bu da həmin sabiq məmurların özlərinin xirtdəyə qədər korrupsiya və rüşvətə bulaşmaları və buna görə “dillərinin qısa olması” ilə bağlıdır. Bu baxımdan iki ilə yaxın müddətdə nazir, daha sonra isə uzun illər səfir işləmiş Tofiq Zülfüqarov daha təmiz reputasiyaya malik diplomat kimi tanındığı üçün həmin nazirlərdən və digər iri məmurlardan fərqlənir və görünür, buna görə də ölkəmizin İranla sərhəddəki ən strateji əhəmiyyətli regionlarından biri olan Lənkəranda qarşılaşdığı acınacaqlı durumu öz statusunda əks etdirməyə özündə cəsarət tapıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, Lənkəranın dərdi təkcə dilənçilik və natəmizlik deyil, buraya işsizlik, kasıblıq, narkomaniya, narkotik qaçaqmalçılığı və s. çoxsaylı problemləri əlavə etmək olar. Özü də bütün bunlar tək Lənkərana deyil, əksər rayon və şəhərlərimizə aiddir...
Xatırladaq ki, Lənkəranın hazırkı icra başçısı Taleh Qaraşov 2012-ci ildən rayona başçılıq edir. Bundan əvvəl o, Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) vəzifələrində işləyib. Yəni. Adam az qala 30 ildir icra başçısı işləyir.
Təkcə Qaraşovun deyil, digər icra başçılarının da əksəriyyətinin fəaliyyəti və fəaliyyətsizliyi bir daha sübut edir ki, hazırkı icra hakimiyyəti idarəçilik sistemi öz ömrünü çoxdan başa vurub və müasir tələblərlə qətiyyən ayaqlaşmır. Vəziyyəti yeni, gənc kadrların icra başçısı təyin edilməsi də dəyişmir. Ona görə də ölkədə bələdiyyələr başda olmaqla, seçkili yerli idarəetmə sistemlərinə keçid zəruri və qaçılmaz hal alıb. Ancaq göründüyü kimi, bu proses hansı səbəblərdənsə yubadılır...
Tofiq Zülfüqarovun paylaşımına gəlincə, təbii ki, bu, olduqca təqdirəlayiq haldır. Təəssüf ki, ölkə idarəetməsində iştirak etmiş şəxslərin, eləcə də tanınmış ziyalılarımızın, alimlərimizin və s. obyektiv, cəsarətli tənqidlərinə nadir hallarda rast gəlinir. Ona görə az qala hər bu cür tənqidə sevinməli oluruq və inanırıq ki, bütün bunları “yuxarılarda” görən və eşidən olur.
Elə hazırda ölkə daxilində yaşadığımız sosial, iqtisadi, siyasi və s. problemlərin bir səbəbi də ölkəmizin tanınmış simalarının böyük əksəriyyətinin susqunluğu, biganəliyi və məddahlığıdır.
MİA.AZ