"Lənkəranda Qala xiyabanindakı üzlüklər dəyişdirilir".

Mia.az xəbər verir ki, bu sözləri ictiami fəal, əslən lənkəranlı Yadigar Sadıqlı sosial media heabında yazıb.

O, paylaşımına foto da əlavə edərək, soruşur: "Soruşan lazım niyə? Şəhərin min bir problemi olduğu halda, vəsaiti yetərincə salamat üzlüklərə xərcləmək nəyə lazımdır?".

O, növbətİ statusunda isə sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun paylaşımını yayaraq, yazıb: "Biz yazanda qərəzli müxalifətçi oluruq. Tofiq Zülfüqarov da təsdiq edir ki, Lənkəranın küçələri, hətta mərkəzi belə zir-zibil içindədir".

Yadigar Sadıqlının bu paylaşımlarına şərh yazanların çoxu isə uzun illər Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəranda korrupsiya iddialarına diqqəti çəkiblər.

***

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən  Mia.az-a daxil olan məlumata görə,  aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir: "Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır.

Qeyd edək ki, cari ildə şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə plastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması təmin edilib. Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir. Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər, xatirladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.

Bildiririk ki, hazırda şəhərin Qala Xiyabanı küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Qeyd edək ki, şəhərin Qala Xiyabanı küçəsinə 2008-ci ildə travet üzlüklər düzülüb. Sürüşkənliyi çox olan həmin üzlüklərin ötən müddət ərzində bir hissəsi sıradan çıxıb. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahəti üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq hazırda sıradan çıxmış əvvəlki üzlüklər sökülərək yüksək keyfiyyətli mərmər qarışıqlı beton tavalarla əvəzlənir. Görülən işlərə şəhər İcra hakimiyyəti tərəfindən gündəlik ciddi nəzarət olunur".

Tahir

MİA.AZ