Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda deyilir.

Birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.

“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, - bəyanatda bildirilir.

Sənəddə, həmçinin regionun ən mühüm məsələləri müzakirə edilib, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti qeyd olunub.

Bəyanat İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri adından dərc olunub(Report).

***

İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüş başlayıb.

Mia.az xəbər verir ki, toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Mia.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib.

Onun sözlərinə görə, nazir bu gün Tehrana yola düşəcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.