Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev işdən çıxarılıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Saytın iddiasına görə, Xəzər İsayevlə DGK-nin sabiq sədri Səfər Mehdiyevlə ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanaması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin "yoxa çıxması" müəyyən edilib: "Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsindən uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.
Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil".
İdman-Sağlamlıq Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adgözəl Rəcəbovdur.
Xəzər İsayev özü telefon zənglərinə cavab verməyib.
DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.
Xatırladaq ki, İsayev Xəzər Ağali oğlu 01 fevral 1963-cü ildə Ağdaş şəhərində, müəllim ailəsində anadan olub.
1984-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1993-cü ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmişdir.
1984-1990 Ordu Sıralarında xidmət edib.
1991-1998 Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib.
1998-2000 Gömrük Komitəsi sədrinin yanında inspeksiya şəbəsinin inspektoru işləyib.
1999-2000 Dövlət Gömrük Komitəsi İşlər İdarəsinin böyük inspektoru vəzifəsində işləyib.
2000- h/h İdman-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsində işləyir.
İdman nəticələri aşağıdakılardır:
SSRİ məktəblilərinin spartakiadasının gümüş mükafatcısı
SSRİ birinciliyinin qalibi (1979, 1980, 1986-1987-ci illər)
SSRİ Silahlı qüvvələrinin çempionu (1978-1979-cu illərdə gənclər, 1980-cı illərdə isə kişilər arasında)
"Xoş məramlı oyunlar" -ın ( İgrı dobroy voli) gümüş mükafatçısı (1986-cı il)
Avropa çempionu (1986, 1987-ci illər)
Dünya çempionu (1986-cı il), dünya çempionatının gümüş mükafatçısı (1987-ci il)
dünya kubokunun sahibi (1987-ci il)
SSRİ kubokunun sahibi (1985-ci il)
keçirilən SSRİ xalqlarının spartakiadasının gümüş mükafatçısı (1992-ci il)
Əldə etdiyi nailiyyətlərə görə aşağıdakı fəxri adlara və mükafatlara layiq görülmüşdür:
Şöhrət ordeni
Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi
Azərbaycan Respublikası DGK-nın 20 illiyi (1992-2012) münasibəti ilə Azərbaycan Respublikası Yubiley medalı
SSRİ-nin Əməkdar İdman Ustası
Azərbaycanın əməkdar məşqçisi
Azərbaycan SSRİ-i Ali Sovetinin Fəxri Fərmanı (1986)
1992-ci ildən Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, 1997-ci ildən isə MOK-un vitse-prezidentidir.
Ailəlidir, 2 övladı var.
Mia.az