Polis Gəncədə məktəblinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisində olan məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirdiyi məlum olub.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
****
Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.
O qeyd edib ki, hadisə məktəbin dəhlizində baş verib: “Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”.
Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi məsələsinə tam olaraq aydınlıq gətirilə bilmir: “Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub”/APA.