Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bayramov bildirib ki, uzun illər zərgərliklə məşğul olub.
O deyib ki, Maqsud Mahmudov ona 335 min manat ziyan vurub.
Məhkəmə davam edir/Report.
***
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər dindirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş Rasim Bayramovun ifadəsinə epizodlarla münasibət bildirib.
M.Mahmudov deyib ki, R.Bayramov ondan 17 min manat pul alıb: "Təkcə "Həyat ağacı"na görə 10 min manat vermişəm. Halbuki həmin əşya antik sayılmır”.
Zərərçəkmiş İlham Kərimov isə deyib ki, M.Mahmudov ona 57 min 600 dollar zərər vurub: "Ona 32 ədəd çar III Aleksandra aid antik əşya vermişəm. Hələ də pulumu almamışam".
Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Mia.az