Bakıda adam öldürməyə cəhd edən şəxs tutulub.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
***
Suraxanı Rayon Prokurorluğu paytaxt sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranan mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə istintaq davam edir".