"Fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət ğöstərməklə mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib hadisə yerindən qaçmışdır".
Baş Prokurorluqdan verilən məlumata görə, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən edilmiş, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib:
"Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdır.
Hazırda istintaq tədbirləri davam etdirilir".
***
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.
Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Babayev tanışı Məlahət Şükürovaya qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.
Daha sonra hadisə ilə bağlı həmin ünvana gedən Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.