Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəməsində "Yeni Müsavat"ın əməkdşaına hücum olub.

Mia.az xəbər verir ki, bunu hücuma məruz qalan jurnalist İlkin Muradov sosial şəbəkədəki səhifəsində yazıb.

O, hücum zamanı paltarının da cırıldığını yazaraq bildirib ki, Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub: "Deyəsən, həbs edilən şəxsin yaxınıdır. Mən də ona izah verməli olmadığımı dedim. Mənə "düdük" dedi və lotuluğa başladı. Məhkəmə koridorunda yumruq atdı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi. 25 dəqiqədir "102"yə məlumat vermişəm. Görək lotuluq necə olur!!!".

Qəzetin redaktoru Azər Ayxan isə hadisəyə belə reaksiya verib: "Bu qudurğanlığın cavabı qanunla və ictimai qınaqla verilməlidir!"

Mia.az-ın əldə etdiyi məlumata görə, jurnalist bu ilin iyun ayında Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədən məşhur iş adamı, “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkəninin məhkəməsində hücuma məruz qalıb.

Ona hücum edən şəxs isə iş adamının çox yaxındır. Hazırda onun kimliyi və Məhərrəm Novruzova necə bağlı olduğu haqda araşdırmamız davam edir.

Xatırladaq ki, bu ilin iyun ayında mətbuatda yayılan məlumata görə, M.Novruzovun kürəkəni  Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə “Spring” otelin qarşısında piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, bu hadisədən az sonra “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun həyat oldaşı da ağır qəza törədib.

Mia.az