Ağdam rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.

O bildirib ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə “Azərişıq” ASC-nin iki əməkdaşına bıçaqla xəsarət yetirib.

Belə ki, o, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranan münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.

Daha sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Kərimov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Prokurorluq “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb.

Ağdam Rayon Prokurorluğundan Mia.az-a daxil olan məlumatda deyilir:

"Dekabrın 9-u saat 17 radələrində “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulması müəyyən edilib, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərkən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Hazırda istintaq davam edir".