Sumqayıt şəhərində tikintidə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Mia.az-a şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, noyabrın 2-si saat 10 radələrində Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.