Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb.

Polis İdarəsində onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb.

Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.