İyulun 14-də rayonun Şiştəpə kənd sakini Sədaqət İbadullayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni İntizam Hüseynovun aralarında yaranmış mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası Sədaqət İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə və arvadı Mahizər Hüseynovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
İntizam Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə istintaq davam edir.
***
Şəmkir rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, Mahizər Hüseynova yataq otağında yuxuda olduğu zaman bıçaqlanıb.
O, kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Bundan sonra səs-küyə anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda dünyasını dəyişib. M.Hüseynova isə cərrahiyyə əməliyyatına alınıb.
Ailədə bundan əvvəl də zaman-zaman mübahisə yaşandığı, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi bildirilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
***
Şəmkir rayonunda qətl törədilib.
Məlumata görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır/Report.