İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyevanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.