Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə Cəlilabad rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Bu barədə Cəlilabad rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, fakt üzrə Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Mia.az