Prezident seçkiləri: reallıqlar və təhlükələr

img

16-10-2013 [22:07]


Azərbaycanda keçirilən prezident seçkiləri nəticəsində ölkədə iqtidar dəyişikliyi olacağına inanıb sonradan xəyal qırıqlığına uğrayanlarla yanaşı, bu seçkilərlə hakimiyyətlərini uzun müddət qoruyacaqlarını düşünərək eyforiyaya qapılanlar da var. Amma hər iki tərəf yanlışlığa yol verir. Odur ki, xəyal qırıqlığına məruz qalanlarla eyforiyaya qapılanların dərindən düşünmələri üçün bir neçə ciddi məqamı xatırlatmaq istəyirik. Çünki qısa zaman keçdikdən sonra bu məqamlar öz təsirini göstərməyə başlayacaq.

Qərb təşəbbüsü ələ alıb

1993-cü ilin payızında reallaşan prezident seçkilərindən 9 oktyabr 2013 seçkiləri arasında ölkəmizdə üç prezident, dörd parlament və üç bələdiyyə seçkisi keçirilib. 1995-ci ildə Konstitusiyanın qəbulunundan başlamış, Ana yasaya dəyişikliklərlə bağlı bir neçə dəfə referendum da olub. Amma Qərb həmin seçki və referendumlara münasibət bildirərkən, onun nəticələri heç zaman, indiki kimi şübhə altına alınma-yıb. Bir qayda olaraq, beynəlxalq aləm həmin seçkiləri "demokratiya istiqamətində irəliyə atılan bir addım" hesab edib, xırda qüsurları sadalamaq və tövsiyələr verməklə işini bitmiş sayıb. İndi isə demokra-tik seçki və insan haqları məsələsində Qərbin ümumi mövqeyinin ifadəçisi kimi tanınan ATƏT-in De-mokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) təmsil edən Seçkiləri Müşahidə Missiyasının prezident seçkisi barədə ilkin rəyi ötən illərdə verilən qiymətdən kəskin fərqlənir.
Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetanın açıqladığı rəyin diplomatik dildən çevirməsi 9 okt-yabr seçkilərinin nəticələrinin şübhə altına aldığını söyləməyə imkan verir. DTİHB-nun Müşahidə Missi-yasının bu rəyindən dərhal sonra ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb. Bəyanatda açıq şəkildə qeyd edilir ki, prezident seçkiləri beynəlxalq stan-dartlara cavab verməyib.
Avropa Birliyinin iki yüksək vəzifəlisi - Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, Genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Stefan Fulyenin bəyanatları Brüsselin də DTİHB-nun hesabatını dəstəklədiyini göstərir.
Digər tərəfdən, rəsmi Bakı prezident seçkiləri ilə bağlı yenidən Qərbin qüdrətli mediasının hədəfinə çevrilib. ABŞ-ın nəhəng media şəbəkələri başda olmaqla, Avropanın və Türkiyənin aparıcı nəşrləri rəsmi Bakını sərt şəkildə tənqid atəşinə tutublar. Tezliklə bu prosesə Qərbin qeyri-hökumət təşkilatlarının da qoşulacağı ehtimal edilir.
Prezident seçkilərindən əvvəl Rusiya Azərbaycanda təşəbbüsü ələ almağa çox yaxın idi və bir çoxları rəsmi Moskvanın Qərbi məğlub edəcəyini düşünürdü. Lakin həmişə olduğu kimi, bu dəfə də Rusiya ha-kimiyyətinin avtoritar mahiyyəti Moskvanın əlinə düşmüş nadir fürsətdən yararlanmaq imkanını azaltı. Artıq prezident seçkilərinin nəticələri belə deməyə imkan verir ki, indi təşəbbüs Qərbin əlindədir. Bütün bunlar isə çox ciddi siqnallardır və rəsmi Bakı bunu hökmən nəzərə almalıdır.
9 oktyabr prezident seçkiləri ilə bağlı DTİHB-nun hesabatı Qərblə Azərbaycanın gələcək münasibətlərində çox mühüm arqument olacaq. Rəsmi Bakının Qərbin istəklərinə anlaşıqlı cavab verməyəcəyi halda həmin hesabat dərhal xatırlanacaq. Fikrimizcə, Ukraynanın Avropa Birliyinə Assosiativ üzvülüyü ilə bağlı anlaşma imzalansa, Qərb bundan sonra rəsmi Bakıdan müvafiq addım atmağı tələb edəcək. Bu zaman isə rəsmi Bakını müvafiq addım atmağa inandırmaq üçün ATƏT DTİHB-nun hesabatı Qərb diplomatları-nın əlində çox inandırıcı arqument ola bilər. Proseslərin təhlili göstərir ki, Qərblə Rusiyanın nüfuz savaşının episentri tezliklə Ukraynadan Cənubi Qafqaza keçəcək.
Bir neçə gündən sonra Gürcüstanda da prezident seçkiləri keçiriləcək və bu seçkinin nəticəsindən asılı olaraq rəsmi Tbilisi Qərb, yoxsa Rusiya dillemasına son qoyacaq. Ermənistanın da artıq bu problemi həll etdiyini nəzərə aldıqda, deyə bilərik ki, Azərbaycan taleyinin ən məsuliyyətli seçiminə günbəgün yaxınlaşır. Bu zaman isə ATƏT DTİHB-nun 9 oktyabr prezident seçkiləri ilə bağlı hesabatı rəsmi Bakının seçimi-nə təsir edə bilər.
Qərb rəsmi Bakının iqtisadi və təhlükəsizlik məsələlərində olduğu kimi, siyasi məsələlərdə də onunla həmfikir olmasına nail olmaq üçün mövqelərini gücləndirir. Müşahidə Missiyasının ilkin rəyi, Vaşinqto-nun və Brüsselin bu rəyi dəstəkləməsi yalnız Qərbin rəsmi Bakı üzərində təsirini artırmaqla kifayətlən-mir. Bu hadisə həm də Qərbin Azərbaycan cəmiyyətində reabilitasiyasına gətirib çıxardı. Buna görə də əminliklə demək olar ki, 9 oktyabr prezident seçkiləri Qərbin təşəbbüsü ələ almasına səbəb olmaqla, həm də onun Azərbaycan cəmiyyətinə təsirini artırdı.

Rusiya oyunçudan müşahidəçiyə çevrildi

9 oktyabr prezident seçkiləri start götürməzdən əvvəl Moskvanın Azərbaycan hakimiyyətinə "sürpriz" hazırlaması ilə bağlı aldadıcı görüntü yaradılmışdı. Belə ki, "Milyarderlər İttifaqı" kimi tanınan Rusiya-A-zərbaycan Təşkilatları İttifaqının yaradılması və bu təşkilata daxil olan bəzi şəxslərin rəsmi Bakını sərt tənqid etmələri, eləcə də eyni ittifaqda təmsil olunan dünya şöhrətli kinodramaturq Rüstəm İbrahim-bəyovun liderliyi ilə Bakıda müxalif qüvvələrin bir araya gəlməsi Kremlin Azərbaycanda hakimiyyət dəyi-şikliyində maraqlı olması və hətta buna hazırlaşması təsirini bağışlayırdı. Demək olar, bu proses o qədər uğurlu nəticələr vermişdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, ilk dəfə olaraq Bakıda baş verən siyasi proseslərdə Rusiyanın çəkisi artmışdı. İlk dəfə olaraq anti-Rusiya əhval-ruhiyyəsini Moskvaya rəğbət əvəz etməyə başlamışdı. Həmin günlərdə həqiqi referendum keçirilsəydi, cəmiyyət Moskvanın çox böyük cəhdlə həyata keçirməyə çalışdığı Gömrük İttifaqı və Avrasiya İttifaqına da səs verə bilərdi. Lakin Rusiyanın siyasi və iqtisadi imkanlarının məhdud olması, eyni zamanda rəsmi Moskvanın avtoritar və korrupsioner mahiyyəti bu tarixi şansdan yararlanmasına imkan vermədi. Məlum oldu ki, Moskva Gürcüstanda həyata keçirdiklərini Azərbaycanda təkrarlamaq gücündə deyil. Digər tərəfdən, bu proses rəsmi Bakının Rusiyanı zərərsizləşdirməyin yollarını rəsmi Tbilisidən fərqli olaraq bildiyini də ortaya qoydu. Buna görə də Rusiyanın Cənubi Qafqaza nəzarət uğrunda Qərblə apardığı mübarizənin ilkin raundu Moskva üçün uduzulmuş görünür.
Doğrudur, Moskva İrəvanı Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaq fikirindən yayındıra və Rusiyanın təşəbbüşlərinə qoşulmağa vadar edə bildi. Lakin hər kəsə məlumdur ki, Cənubi Qafqazın taleyini Ermənistan həll etmir. Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın aparıcı ölkəsidir və məhz bu ölkənin hansı birliyi seçməsi böyük önəm daşıyır. Azərbaycanda isə vəziyyət Moskvanın ma-raqlarına uyğun deyil. Çünki Rusiya prezidenti Vladimir Putin Bakıya səfər etməklə Azərbaycan cəmiy-yətində Moskvaya artan rəğbəti heçə endirdi. Prezident seçkisindən dərhal sonra Putininin prezident İlham Əliyevi təbrik edənlərin sırasına qoşulması isə Moskvaya nifrəti yenidən artırdı.
Qərbin öz imicini bərpa etməsi, Rusiyanın isə bərpa olunmuş imicini yenidən korlaması Azərbaycan cəmiyyətinin üzünü yenidən Qərbə çevirib. Bu proses Rusiyanın oyunçudan müşahidəçiyə çevrilməsi ilə nəticələnərək, Cənubi Qafqazda Qərblə Rusiyanın mövqelərinin tarazlaşmasına və hətta tərəzinin gö-zünün Qərbə tərəf əyilməsinə də səbəb olub.

Daxili faktorlar da hakimiyyətin xeyrinə deyil

9 oktyabr prezident seçkiləri Azərbaycan cəmiyyətinin dəyişiklik arzusunda olduğunu bir daha təsdiqlədi. Bu isə çox ciddi amildir və iqtidar bunu gec-tez nəzərə almalıdır. Nə qədər tez nəzərə alarsa, bu, hakimiyyət üçün bir o qədər xeyirli olar. Ancaq bunu uzun müddət nəzərə almamaq çox acı nəticələr verə bilər. Xüsusilə regionda böyük güclərin mübarizəsinin şiddətləndiyi, Azərbaycanın yerləşdiyi Cənubi Qafqazın taleyinin həll olunmaq ərəfəsində olduğunu nəzərə aldıqda, daxili faktorun əhəmiyyətinin ar-tacağını proqnozlaşdırmaq mümkündür. Buna görə də seçkinin rəsmi nəticələri ilə özünü qalib hesab edənlər də, 9 oktyabr sonrası xəyal qırıqlığı yaşayanlar da bunu nəzərə almalıdırlar.
Hakimiyyətin bütün çabalarına baxmayaraq, 9 oktyabr seçkiləri cəmiyyətdə fikir müxalifliyini aradan qaldıra bilmədi. Seçkiyə inamı itməyən və səsvermədə iştirak edən real seçicinin 205 minə yaxınının mövqeyini görməzdən gəlmək isə siyasi uzaqgörənlik əlaməti sayılmamalıdır. Prezident seçkisi kampaniyası müxalif fikirin güclənməsi üçün səmərəli olduğu halda, iqtidarın mövqeyinin zəifləməsinə səbəb oldu. Burada iqtidarın siyasi texnoloqlarının "ayı xidməti"nin təsiri olsa da, bütövlükdə müxalifətin namizədi professor Cəmil Həsənli cəmiyyət üçün aydın olmayan bir çox məqamlara işıq salmaqla, cəmiyyəti sanki silkələdi. Tezliklə həmin məqamlar cəmiyyətdə aparıcı fikirə çevrilə bilər. Yəni, çox qısa zamanda Azərbaycanda sosial tələblərlə çıxışların başlaması mümkündür. Bu da o deməkdir ki, seçki ehtirasları söndükcə, seçki kampaniyası zamanı səslənən fikirlər ətrafında müzakirələr daha da artacaq. Bu proses isə Azərbaycanda yeni siyasi vəziyyətin yaranmasına səbəb olacaq.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrin aldadıcı parıltısına baxmayaraq, hakimiyyət bu seçkidən zəifləmiş formada çıxdı. Zəifləmiş hakimiyyəti isə qarşıda çox ciddi sınaqlar gözləyir. Bu, Qərblə Rusiya arasında region uğrunda gedən mübarizədə tərəflərdən birindən yana olmasından tutmuş, ölkə daxilində islahat tələblərinə sərginlənəcək münasibətdən ibarət olmaqla, çox ciddi məqamları əhatə edir. Bu məqamlara doğru-dürüst münasibət bildirmək üçünsə, qələbə eyforiyasına qapılanların reallıqları qəbul etməsi əsas şərtdir. Əks halda səhvlər bir-birini əvəz edəcək və Azərbaycanda başqa "ssenari"lərin icrasını gündəmə gətirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR