"Ayağımı dərhal kəsmək istəyirdilər..." - Baş redaktor başına gələnləri yazdı

img

12-12-2019 [14:56]


Bahəddin HƏZİ,
 
"Bizim Yol"un Baş redaktoru
 
***
 
Heydər Əliyev Fondu xüsusi bəyanatla çıxış edib. Bu, sıradan bir hadisə deyil. Həm də belə bir məsələyə dair. 
 
Söhbət hüquq müdafiəçisi Oqtay Gülalıyevin Türkiyədə müalicəsi ilə bağlı Fondun gördüyü və görəcəyi işlər haqqında açıqlamadan gedir. Tanınmış hüquqşünas Aslan İsmayılovun öz sosial şəbəkə hesabında Heydər Əliyev Fonduna məsələyə "qərəzlə yanaşanlara fürsət verməmək” çağırışından dərhal sonra Fondunun icraçı direktoru və eyni zamanda Prezidentin köməkçisi Anar Ələkbərov özü Aslan İsmayılova zəng edib. Onu məlumatlandırıb. Aslan İsmayılov da bu məlumatı cəmiyyətə açıqlayıb. Daha sonra isə Fond ayrıca bir açıqlama ilə çıxış edib.
 
Düzünü deyim, əvvəl də yazdığım kimi, Oqtay Gülalıyevin yaşadığı vəziyyətin oxşarını mən də yaşadım. Mənə qarşı terror da maşınla vurulma formasında idi. Yox, mən yoldan keçəndə "təsadüfən” maşınla "toqquşmamışdım”; xüsusi bir əməliyyatın – oğurlanma, ölümə sui-qəsd, sağlamlığa ciddi xəsarət yetirilmə, ölümlə hədələmə və sair kimi cinayət buketinin qurbanı olmuşdum (Hərçənd başlayıb arxivə dəfn etdikləri cinayət işi "bədənə az ağır zərər vurma” maddəsi ilə açılmışdı).
 
Məni də xəstəxanalarda "gəzdirdilər” - əvvəlcə Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına gətirmişdilər, orda heç bir ilkin tibbi yardım göstərilmdən indiki Kliniki Tibbi Mərkəzə (o zamankı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına) göndərmişdilər. Sonradan pasiyentlərədən, tibb bacılarından və elə həkimlərdən öyrəndiyimə görə, burada bəxtim gətirmişdi; cərrah-travmatoloq Sabir Mirzəyevin növbəsinə düşmüşdüm (Sonralar cavan yaşında ürəyindən "gedən” rəhmətlik Sabir həkimin). Sən demə, hadisə bir gün tez olsaymış, mən də bura bir gün tez gəlsəymişəm, Nizami adlı travmatoloq-cəllad (cərrah yox, cəllad) mənim sol ayağımı dərhal amputasiya edib göndərəcəkdi. 
 
Sabir Mirzəyev beş yerdən çoxfraqmentli sınıqları olan sol ayağımı, eləcə də, zərbədən qapağı dağılmış dizimi konservativ üsulla müalicə etməyə nail olmaq üçün Səhiyyə Nazirliyi ilə və xəstəxananın rəhbərliyi ilə əməlli-başlı savaşdı. Yadımdadır ki, MTN-nin, polisin nümayəndələri reanimasiya otağına doluşub hərəsi bir tərəfdən "uyğun” cavabı almaq üçün suallar yağdırır, müalicəmin başlamasına imkan vermirdilər. Reanimasiyada olduğum müddətdə xəstəxananın baş həkiminin müavini şöbə müdirlərini və başqa tibb işçilərini dəfələrlə reanimasiya otağında – mənim yanımda konsiliuma toplayır, uzun-uzadı müzakirə edir, ayağımı kəsməkdən başqa çarənin olmamasını dönə-dönə vurğulayırdılar. Hətta buna mənim razılığımı almağa cəhd də eləmişdilər.
 
Bunun da səbəbi var idi: ölkədə akkreditasiya olunmuş səfirliklərin, beynəlxalq təşkilatların, xarici və yerli medianın nümayəndələri, deputatlar, ziyalılar, hüquq müdafiəçiləri yanıma gəlib gedirdilər. Skandinaviya ölkəsinin məşhur səfiri reanimasiya şöbəsinin antipatik müdiri ilə yüngül "diplomatik döyüş”ə də girməli olmuşdu o zaman. Bu durum rəsmi qurumları və xəstəxana rəhbərliyini narahat edirdi. Hətta bir səhər Sabir həkim əlində "Zerkalo” qəzetinin yeni nömrəsi ilə yanıma gəldi, yarızarafat-yarıciddi dedi: "Həziyev, buna bax, sən müalicədən razılıq eləmisən, buna görə rəhbərlik də bizi yaxşıca "müalicə” elədi. Xahiş edirəm, məni tərifləmə”. Və başqa çox şeylər də oldu. Ancaq Sabir Mirzəyev bütün gücünü qoyaraq bizimlə birlikdə müqavimət göstərdi və istədiyinə nail oldu; ayağımın kəsilməsinə imkan vermədi. Ancaq mənə dəyən zərər onsuz da dəyib; sol ayağımda ciddi hərəkət məhdudluğu var. Bu, zamanla – yaşlandıqca daha da artır. O vaxt mənim də ilk üç gündə ölüm təhlükəm belə olub; bunu özümdən demirəm, həkimlər demişdi. Şükür Allaha, komaya düşmədim. Hər şey daha pis ola bilərdi.
 
Doğrudur, dəhşətli ağrılarla 13 ildir yaşayıram; gecələri ağrı ilə yatıb səhəri ağrı ilə açıram. Diz qapağımda ciddi əməliyyat keçirilməli idi (hələ də keçirilməlidir; ildən ilə bu zərurət daha da artır). Bu əməliyatın, təbii ki, xaricdə olması lazımdır. Ancaq o zaman və ondan sonra nə Heydər Əliyev Fondu, nə başqa bir xeyriyyə təşkilatı, nə bir xeyirxah iş adamı səhhətimlə maraqlanmadı, kömək göstərmədi. Heç özüm də müraciət etmədim. Başqa xeyli sayda insana, ziyalı şəxslərə, o cümlədən jurnalistlərə səhhətindəki problemin aradan qaldırılması üçün dəstək verildi. Bunu danmaq olmaz. Ancaq mənə bu dəstək verilmədi (Özümün də buna imkanım olmadı və yaxın gələcəkdə də olacağı görünmür). Üstəlik dəfələrlə ölkə Prezidentinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətlərimə baxmayaraq, mənə qarşı faktiki bu terror əməlini həyata keçirənlərin tapılıb məsuliyyətə cəlb olunması üçün heç bir addım da atılmadı. Bəzi tanınmış simalar qorxusundan heç mənə baş çəkməyə də gələ bilmirdi. Bəzi qələm sahibləri isə hətta əleyhimə sifarişlə yazı da yazdılar (sanki özüm öz üzərimdən maşınla keçmişəm deyə)...
 
Yox, bu yazımın məqsədi hansısa dəstək istəmək deyil; belə bir istəyim olsaydı, 13 il gözləməzdim, elə o zaman müraciət göndərər, yaxud mediada ifadə edərdim. 
 
Mən bunları ona görə yazıram ki, Oqtay Gülalıyev - hər nə qədər durumu mənim o zamankı durumumdan ağır olmuş olsa da belə - müəyyən mənada çox şanslıdır. Çünki onun müalicəsinə Heydər Əliyev Fondunun timsalında ən yüksək səviyyədə dəstək verən, maraqlanan var. Hətta Mübariz Mənsimov kimi çox məşhur iş adamı dəstəyini göstərməyə hazır olduğunu deyib. Bəlkə də dəstək də göstərib – bilmirəm. Onun üçün hesab açılıb, cəmiyyət də dəstək verməyə başlayır. Bütün bunlar olmaya da bilərdi. Bu səbəbdən, Oqtay Gülalıyevin müalicəsinə dəstəyini verən və bundan sonra da davam etdirəcəyini düşünən Heydər Əliyev Fondunun üzərinə bu qədər çox gedilməsini doğru saymıram. Əgər belə ağır bir müayinə, əməliyyat, müalicə-bərpa, xəstəxanada saxlanma xərclərini qarşılayan qurum varsa (bu gün bu varsa), köməyini göstərirsə, xüsusi bir kampaniya başladıb onu çəkinməyə, geri çəkilməyə sövq etmək lazım deyil. Bizə heç bunu edən də olmamışdı. Ona görə imkan yaratmaq lazımdır ki, Fond normal qaydada öz işini görsün. Bu məsələ ətrafında hansısa spekulyasiyalar və ya gerçəkçi müzakirələr də varsa, onları sonraya da saxlamaq olar. 
 
Yaxşı bilirsiniz ki, Oqtay bəy öz səhiyyəmizin ümidinə buraxılsaydı, onu bəlkə də itirmiş olardıq. Bu üzdən belə həssas məsələyə daha diqqətlə, ehtiyatla yanaşmaqda fayda var. Bəli, Fond öz köməyini göstərib və açıqlamasından da göründüyü kimi, bundan sonra da göstərəcək. Ancaq bununla yanaşı ayrı-ayrı varlı şəxslərin, cəmiyyətin müxtəlif imkanlı nümayəndələrinin də bu işə qoşulması, doğrudan da, yaxşı olar.
 
Və sonda. Aydındır ki, Oqtay Gülalıyevin səhhəti, onun əməliyyatı, müalicəsi, Bakıdan İstanbula aparılması, orda bir xəstəxanadan başqa xəstəxanaya köçürülməsi, eləcə də, onu müayinə, müalicə edən həkimlərin peşəkarlıq səviyyəsi, xərclənən vəsait və sair əvvəldən bu günə qədər ardı-arası kəsilməyən müzakirələrin, mübahisələrin, hətta Fondun bəyanatında adlandırıldığı kimi, spekulyasiyaların belə mövzusu olub. Burada daha bir narahatlıq doğuran nüans da var; bütün bu müalicə-pul söhbətləri Oqtay Gülalıyevin maşınla vurulmasının gerçək motivlərinin araşdırılmasını kölgədə qoyub. Onun sağalıb həyata qayıtması qədər bu hadisənin gerçək səbəbinin üzə çıxması və günahkar(lar)ın cəzalanması da lazımdır. Bizi öldürməyə çalışanlar tapılmadı, heç olmasa, bu tendensiyanı Oqtay Gülalıyevlə sındıra bilərik bəlkə; adamlar işinə, fəaliyyətinə görə, həyatından, sağlamlığından olmasın. Əks halda, heç kim cəmiyyət üçün heç bir faydalı işin qulpundan yapışmaz.
 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR