Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına "hə" dedi - Qərar

img

04-12-2019 [14:50]


Xəbər verdiyimiz kimi, bu gün Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisinin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Mia.az  həmin qərarı olduğu kimi təqdim edir:

"Konstitusiyanın 81-ci maddəsinə görə, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclis həyata keçirir. Konstitusiyanın 83-cü maddəsinə müvafiq olaraq, Milli Məclis 125 deputatdan ibarətdir. Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı bir ildə iki dəfə Nazirlər Kabinetin etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Prezidenti tərəfindən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94 və 95-ci maddələrində, 96-cı maddəsinin 2, 3,4 və 5-ci hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Prezidenti Milli Məclisi buraxır.

Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli üçün Konstitusiyanın 98.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etdikdə müddəasının yaranmış vəziyyətə uyğun açıqlamasını zəruri hesab edir. Milli Məclis hakimiyyətin bölünməsi prinsipinə əsasın qanunvericilik hakimiyyəti həyata keçirdiyi üçün əsas vəzifəsi qanunların və qərarların qəbul edilməsidir, onun müəyyən etdiyi ümumi qaydalar, habelə həll etdiyi məsələlər Konstitusiyanın 94 və 95-ci maddələrində təsbit edilib. Müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan qanunvericiliyin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirməsi vacibdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 98.1-ci maddəsində təsbit edilmiş vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə müddəası ilə bağlı qeyd edir ki, aradan qaldıra bilməyən səbəblər dedikdə parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşülür. Bu baxımdan Milli Məclis Konstitusiya ilə ona verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə, işini davam etdirib-etdirməməsinin mümkünlüyünə dair qərar qəbul edə bilər. Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarından da göründüyü kimi Milli Məclisin deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoyub.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş əsası yaradır. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğundur.

Həmçinin qeyd edilməlidir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcələ saxlanılması zəruridir. Bununla əlaqədar qeyd edilməlidir ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər arasında Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqə verir. Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıq müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.

Göründüyü kimi Milli məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması üçün və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağıdır. Bu səbəbdən həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir. Eyni zamanda Milli Məclisin deputatları Azərbaycanlın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayana qədər müstəsna olaraq Konstitusiyanın 111 və 112-ci maddələrində, 95-ci maddəsinin birinci hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş və bu kimi digər səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyaların həyata keçirilməsi üçün Beşinci Çağırış Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə uyğun hesab edilməlidir.

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uğun hesab edilməlidir.

Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin birinci bəndini, "Konstitusiya Məhkəməsi haqqında” qanunun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu qərara alır:

1. Milli Məcltsə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinin birinci maddəsinə uyğun hesab edilsin.

2. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstusiyanın 98.1-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir”.

*** 

İclasda Milli Məclisin qərarı barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edib. 

Həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib.

G.Kərimovun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların böyük əksəriyyəti tərəfindən qəbul edilib: "Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi, həmin institut 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının Konstitusiya tarixində bu cür ictimai, siyasi, hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmamış, onun tətbiqi üçün zərurət olmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid bir fikir formalaşmamışdır. Eyni zamanda Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. Həmçinin Milli Məclisin buraxılması ictimai, siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər.

Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsi icraata olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 98.1 maddəsinin hazırki vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydalarını, prosedurunu müəyyən etmək və müddəanın tətbiqi nəticəsində potensial hər hansı bir hüquqi mənfi nəticənin qarşısını almaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək qərara almışdır ki, göstərilən sualların aydınlaşdırılması üçün onlar məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir.

Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər: "Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamızın məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, "Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki "səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”.

Ə.Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir. 

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib/Report.


***

Bu gün Azərbaycan Prezidentinin göndərdiyi sorğusuna baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Toplantıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir. 

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir. Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır: 

Sorğu verən tərəfin nümayəndəsi – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov. 

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev. 

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR