"Gömrük Komitəsini öz başına buraxsan..." - Necə olur ki, Gürcüstanda 5 minə olan maşın bizdə 15 min olur?

img

25-11-2019 [17:23]


Bir neçə gündür sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.
 
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan  XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
 
Bəs görəsən, bununla bağlı nəzarət tədbirləri nə dərəcədə gücləndiriləcək, qaydanlar necə sərtləşdiriləcək? Xarici nömrəli avtomobillərin Azərbaycanda çoxalmasının səbəbi nədir?
 
 Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. 
 
Mia.az-ın məlumatına görə, "Yeni Sabah”a danışan E. Muradlı bildirib ki, hazırda mövcud olan gömrük rüsumları 2017-ci ildəki gömrük rüsumları səviyyəsinə endirilməsə, vəziyyət daha acınacaqlı olacaq. 
 
"Mən düşünmürəm ki, bu müddət azaldılsın. Gömrük Komitəsini bir az öz başına buraxsan, çox şey edər. Bəlkə də, o maşınların ölkəyə girişinə birdəfəlik qadağa qoyarlar. Çünki onların məqsədi ancaq daha çox rüsum, daha çox puldur. Əslində DGK bu situasiyadan utanmalıdır. Onlar cavab verməlidirlər ki, nə üçün azərbaycanlı vətəndaş gürcü və ya başqa ölkənin seriyasını daşıyan maşın sürməlidir? Bu, utancverici mənzərədir. 
 
Artıq 5 il sonra Azərbaycana gələnlər tərəddüd edəcəklərki, biz Azərbaycana gəlmişik. ya Gürcüstana? Bunun da baş vermə səbəbi 2017-ci ildən sonra gömrük rüsumlarını artırılmasıdır. Onlar ayıq başla nə üçün bir vətəndaşın 90 gündən bir başqa ölkəyə keçməsini, başqasının etibarnaməsi ilə öz ölkəsində avtomobil istifadə etdiyini və s. bu məsələləri araşdırsalar, bir həll yolu taparlar. 
 
Əgər Vergilər Nazirliyi, Gömrük Komitəsi rüsumun səviyyəsini 2017-ci ildəki səviyyəyə salmasalar, bu vəziyyət dəyişilməz olaraqda davam edəcək. Oturun fikirləşin ki, Gürcüstana 5 min dollara gələn avtomobil Azərbaycana niyə 15 min dollara gəlib çıxıb? Deyirsiz ki, Gürcüstanın qazı, nefti yoxdur. Amma hökümət inkişaf edir. Biz avtomobil sənayesi baxımından, turizm baxımından Gürcüstandan asılı vəziyyətdəyik, bəs biz Gürcüstandan nəyimiz ilə irəlilədəyik?” 
 
Azərbaycanda avtomobillərin sayının artıb-artmaması ilə bağlı ekspert bu sözləri deyib:
 
"Bilirsiz, Azərbaycanda nəqliyyatın sayı o qədər də çox deyil. Kim çox deyirsə, qonşu ölkələrə nəzər salsın. Azərbaycanda əhalinin sayına görə, avtomobillərin sayı çox deyil. Bəzi ölkələrdə adambaşına düşən nəqliyyat vasitələrinin sayına baxsanız, görərsiz ki, 10 nəfərə 12 avtomobil düşür. Amma heç bir sıxlıq, tıxac yaşanmır. Azərbaycada isə cəmisi 10 nəfərə 6 avtomobil düşər-düşməz. Azərbaycanda cəmi 1 milyon 400 avtomobil qeydiyyatdadır, onun da 400 mini ya sınıq maşınlardır, ya da cərimə meydançalarında çürüyən maşınlardır. Bu söhbəti ortaya atanda nəqliyyatı pis günə qoyanlardı. Sən yol infrasturukturunu düzgün qursan, nə sıxlıq yaranacaq ki?
 
Hər gün bir hoqqabazlıq edirlər. Bu yol burdan dönsün, yolu genişləndirək, dayanacağı götürək. 
 
Bu gün dövlət büdcəsi təsdiqləndi, nəqliyyat sferasına 1 milyard 742 milyon pul ayrıldı. Təxminən hər bir yol infrastrukturu dağılır. Kasıb Gürcüstandan ucuz maşın alır, gürcü nömrəsi ilə sürür, düşüblər onun üstünə”. 
 
E.Muradlı hələ də gömrükdə monopoliyanın bitmədiyini, insanıların incidildiyini bildirib:
 
"Müəyyən ölkələrdə bu depozit hələ də var. Azərbaycanda da var, amma depozitin miqdarı bəlli deyil. Depozit qalıb gömrük işçisinin insafına. Bəzən bu da düzgün nəticələrlə sonlanmır. Gömrükdə monopoliya bitməyib, tükənməyib, insanlar da incidilir. 
 
Lakin mən inanmıram ki, hansısa məmurun biznesinə görə belə olsun. Çünki Azərbaycanın avtomobil bazarı bir məmurun əlində deyil. Hamı bu biznesi qura bilər. Rüsumun az olması biznes edənə də sərfəlidir. Araşdırma aparıb, düzgün yolu seçmək lazımdır. Depozitin də miqdar camaatın cibinə uyğun olmalıdır”. 
 
Xatırladaq ki, bundan əvvəl Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalı idi. Bu da ölkədə Gürcüstan nömrəli maşınların sayının azalmasına səbəb olmuşdu. 2016-cı ilin dekabrında həmin vaxt Dövlət Gömrük Komitəsinin (DGK) sədri olmuş Aydın Əliyev bildirmişdi ki, depozit məsələsi aradan qaldırılacaq. O bildirmişdi ki, bu məsələ Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb:
 
"Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılır. Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR