YAP-ın yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

img

21-11-2019 [13:59]


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə YAP funksionerləri, deputatlar iştirak ediblər.

Tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çıxış edib. O, YAP-ın sədri, Prezident İlham Əliyevi və partiya sədrinin müavini, Birinci vitse-prezident Mehriban Əliyevanı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edib.

Ə.Əhmədov Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi problemlərdən danışıb: "1992-93-cü ildə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Heydər Əliyevin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası yaranandan 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə dərin olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli tarixi, taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. YAP kifayət qədər uğurlu taleyə malik olan bir partiyadır”.

YAP-ın sədr müavini-icra katibi bildirib ki, 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur: "Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan xalqının gələcəyi bundan sonra da parlaq olacaq”.

YAP Siyasi Şurasının üzvləri - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Milli Məclisin deputatı Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar. Partiyanın qarşısında duran vəzifələrdən söz açan M.İbrahimqızı qeyd edib ki, ermənipərəst qüvvələrlə əməkdaşlıq edən bir qrup küyə düşmüş müxalif qüvvələrdən gənclərimizi qorumalıyıq.

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq