"Qız uşaqlarının erkən yaşda ailə qurmağa məcbur edilmə faktları var" - Deputat

img

21-11-2019 [11:27]


"Faktlar göstərir ki, uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları ailədə olur. Məhz ailədə uşaqların hüquqları pozulur".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bir sıra ailələrdə cismani cəza tədbiri üsulu seçilir, yəni uşaqlar döyülür: "Yaxud uşaqlar gücü və yaşı çatmayan işləri görməyə məcbur edilir. Məhz ailələrdə uşaqlara etinadsızlıq göstərilir. Ailədə qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilmə faktları da var. Bu da bir faktdır ki, zorakılığa məruz qalan uşağı qorumaq mümkün deyil. Nə qədər öyrədici, maarifləndirici tədbirlər görülsə də, hər il uşaqlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq faktları qeydə alınır".

Komitə sədri qeyd edib ki, son vaxtlar məktəblərdə bullinq (kiməsə rişxənd etmək, istehza, lağ etmək, incitmək, küsdürmək və s.) adlanan hadisələr baş verir: "Bu da fiziki baxımdan zəif olan uşağa təsirin olunmasıdır. Yəni xəstə uşaqların ələ salınması, onlara gülmək, aşağılamaq kimi hallar baş verir. Belə olanda uşaqlarda məktəb qorxusu əmələ gəlir. Hesab edirəm ki, uşaqların müdafiəsi hamı üçün ön planda olmalıdır".

"Mükəmməl qanunlarımız var, ancaq lazım gəlsə, uşaqlarla bağlı qanunvericilikdə olan boşluqları doldurmaq olar. Hətta ehtiyac olsa, uşaqların zorakılığa məruz qalması ilə bağlı Mülki və digər məcəllələr sərtləşdirilməlidir. Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır. Hər bir rayonda, hər bir məktəbdə risk qrupuna aid olan insanların, ailələrin qeydiyyatı aparılmalıdır. Onlarla söhbətlər edilməlidir. Təəssüfedici məqamlardan biri də məişət səviyyəsində baş verən hadisələrin tez zamanda mətbuatda və sosial şəbəkələrdə işıqlandırılır. Bu, yolverilməzdir. Çünki belə hallar uşaqların fiziki və psixoloji travmalar alması ilə nəticələnir"- deyə A.Naxçıvanlı əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR