"Adam illərlə sömürüb; sən də başını tut, qaç bu ölkədən" - Elxan Məmmədova sərt mesajlar

img

20-11-2019 [15:59]


Futbol üzrə Azərbaycan millisi bitib-tükənmək bilməyən növbəti məğlubiyyətini yaşadı.

 Təəccübləndikmi? 

Yox. Ömründə bir dəfə də olsa, millinin oyununu izləməyən şəxslər "Millimiz bu gün oynayır? Əşi, uduzacaq da” deyirsə, biz baxanlar niyə rüsvayçı nəticələrə təəccüblə yanaşaq? Kimdir müqəssir? Yurçeviç? 

Haradasa ola bilər, amma tam yox. Bəs, elə isə kim? AFFA rəhbərliyi. O rəhbərlik ki, 2013-2014-cü illərdə qarşısına məqsəd qoymuşdu ki, 2020-ci ildə Avropa Çempionatının bəzi oyunlarına ev sahibliyi edəcək Bakıda bizim milli də mərhələ adlayaraq çıxış etsin. O zamandan görün, neçə il keçib. Həmin məqsədin qarşıya qoyulduğu vaxtda doğulan uşaqlar böyüyüb, dil tutub, indi də məktəbə gedir. Amma bizim futbol nəinki böyümək, heç iməkləməyi də bacarmır, yalnız yeni doğulmuş ilan balası kimi yavaş-yavaş sürünür. Vəssalam. Bu nə deməkdir? Bu o deməkdir ki, bir rəhbərlik 5-6 il ərzində məqsədinə çatmırsa, çata bilmirsə, o rəhbərlik əlini bu bədbəxt futbolun yaxasından çəkməlidir. 

Foqtslar, Prosineçkilər, Yurçeviçlərin arxasında niyə gizlənirsən, AFFA? O bədbəxtlər nə etsin? Onların sənə yardımı ancaq bu olar ki, güllə kimi havada uçuşan tənqid və təhqirlər sənə yox, əcnəbi "cangüdənlərinə” dəysin. Onların canı yanacaq sənin futboluna? Sən azərbaycanlısan, heç sənin canın yanmır axı.

Burada mətbuatdan qaçıb, gedib Slovakiyada bəh-bəhlə açıqlamalar verirsən. Nəymiş? Məni tənqid, hətta təhqir edirlər. Aaaa. Nç, nç, nç. Ayıb olsun, ayıb olsun onlara. Yazıq Elxan müəllimin nə günahı var e? Nə düşmüsünüz üstünə? Rəzillik! Bir də belə etməyin. Hə, bir də ona verilən suala nəzər yetirək:  "Kənardan görünən budur ki, konkret hədəf seçilməyiniz mənfi imicinizi formalaşdırmaq məqsədilə aparılır...”.

 İmic? Hansı imic? Adam illərlə bu futbolu sömürüb. Burada hansı imicdən söhbət gedə bilər? Və ya, bu cür deyək, sənin dəyərli Elxanın futbolumuzun baş katibidir. Baş katib e! Ölkənin futbolu da 96-da qazandığı nəticəni təkrarlayırsa, hədəf olaraq Fatmanisə xalanı seçək? Ayıbdır! 

Qardaş, sənin futbolun 55 ölkə içində, 53-cü yeri tutursa, sən də başını tut, qaç bu ölkədən. Nə tənqid, nə təhqir e?! Adətən, bir ölkə bu cür rüsvayçı, biabırçı nəticə qazananda lazımı şəxslər istefa verir. AFFA rəhbərliyi, nə vaxt tərpənirsən?

Naibə Məmmədova,
Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR