Rauf Arifoğlu Arif Hacılını təhqir etdi: "Bu donqili başqanı eşşəyə tərs mindiriblər"

19-11-2019 [18:40]
"Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu Müsavat başqanı Arif Hacılının "Bu qəzet partiyanın əleyhinə sifarişli yazılar dərc edir" ittihamına cavab verib.

Mia.az xəbər verir ki, o, "Feysbuk"dakı səhifəsində yazıb ki, silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər Arif Hacılını istefaya çağırır: "Alman və Azərbaycan mətbuatı ondan yazır, "yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır.

Radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxu Arif Hacılını ələ salır, "istefa" deyə məzələnir, status yazır, şəbədə edir. Alman polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə basıb, geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir. Proses böyüsə, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq. 

Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər. O isə bütün bunları; xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir. Bizə yüklənir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır, deyir. Alman polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur", deyib, gülünc bir fikrə mətərislənir.

Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm. Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq.

İllərdir, Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verib. Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi. Görmək istəmədi..."


SON XƏBƏRLƏR