Azərbaycanda vəzifəli şəxs 3 milyon dollara görə tutuldu, 7 milyonluq əmlakına həbs qoyuldu

19-11-2019 [14:29]

"Metakom” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, istintaqla "Metakom” MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard” KB-dən 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib:

"Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 7 milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib".

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində kəsərli tədbirlər davam etdirəcək.



SON XƏBƏRLƏR