"İstintaq idarələri mərkəzləşdirilməlidir” - Deputatlar MM-də yeni təkliflər irəli sürdü

img

19-11-2019 [13:37]


"Niyə cinayətlə bağlı özəl ekspertizalar tətbiq edilməsin? Əgər sümük çıxıbsa, bu, ağır xəsarətdir, bunu özəl ekspertiza niyə ekspertizadan keçirməməlidir?” 

Bunu bu gün Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli bildirib. 

T. Kərimli deyib ki, meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilməlidir: "Cinayətlərlə bağlı özəl ekspertiza tətbiq olunmayacaqsa, özəl ekspertizaya nə qalacaq? Mən də deputat həmkarım Qüdrət Həsənquliyev kimi özəl ekspertizalara belə səlahiyyət verilməsini dəstəkləyirəm. Bu qanun ekspertiza binaları, avadanlıqları ilə bağlı deyil, özəl ekspertlərin səlahiyyəti ilə bağlıdır”.
 
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bina tikən şəxs bir mənzili 5 nəfərə satır: "Məhkəmə qərar verəcək ki, mənzil onlardan birinə çatır. Digər 4 şəxs narazı qalacaq. Təbii ki, məhkəmə hakimlərinin hamısı əməli-saleh deyil, fərqli olanları da var. Ancaq burada obyekti və subyektiv səbəblər var. İnsanlar işlərini qanun, hüquq çərçivəsində görmür, iş məhkəməyə düşəndə də narazı qalırlar. Tutaq ki, əmək müqaviləsi olmadan şirkətlər insanları işə götürürlər, bir məsələ olanda, iş məhkəməyə gedib çıxır. Həm şirkət qanunları pozur, həm də vətəndaşlar əmək müqaviləsi olmadan işləyir. Ona görə də ümumilikdə məsələlərə kompleks yanaşılmalıdır. Digər tərəfdən, son instansiyaların məhkəmə qərarları dərhal yerinə yetirilməlidir. Bu gün həbsdən çıxıb, vaxtında məhkəmə qərarlarını yerinə yetirməyənlər indi müxalifətə qoşulub, haqdan, ədalətdən danışırlar”.

S. Novruzov məhkəmələrin ixtisaslaşmasını da zəruri sayıb: "Məsələn, dünyada uşaqlarla bağlı məhkəmələr tamamilə ayrıdır. Eyni orqanın həm həbs etməsi, həm istintaq aparıb, qərar verməsi nə dərəcədə ədalətli ola bilər? Biz istintaq idarələrini də mərkəzləşdirməliyik”. 

Millət vəkili deyib ki, mülki ziyan vuranlar həbs edilir: "Xarici ölkələrdə belə insanlar həftənin 5 günü işləyir, şənbə və bazar həbsxanada olur. Bu yolla onun vurduğu ziyanı ödəməsi təmin edilir. Ancaq bizə həbsdə saxlayırlar, vurulan zərər isə ödənilmir. Bizdə Penitensiar Xidmət tikinti şirkətləri, digər qurumlarla müqavilə bağlaya, həmin şəxslər işləyərək həm vurduqları ziyanı ödəyə, həm də ailələrinə kömək edə bilərlər”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR