"211-lə başlayan nömrədən zəng etdi, dedi ki..." - İsa Həbibbəyli ilə jurnalist arasında sensasion qalmaqal

img

19-11-2019 [16:23]


Xəbər verdiyimiz kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaydığı açıqlamada bildirilir ki, Rəsmi mətbuatda yayılan xəbərlərdə bildirilir ki, İsa Həbibbəyli uzun illərdir  Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş aparmaqdadır: "Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparmışdır”. 

Bu təqdimatla bağlı qalmaqal yaranıb. 

Mia.az xəbər verir ki, Mirzə Cəlilin varislərini hələ bu ilin əvvəlində tapan və onlardan müsahibə alan araşdırmaçı jurnalist Hafiz Əhmədov açıqlama yayıb. 

Onun açıqlamasını olduğu kimi təqdim edirik:

"Bildiyiniz kimi aylar öncə görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapdım və müsahibə götürdüm. Varlıqlarından belə Azərbaycanda heç kəsin xəbəri olmayan bu varislərlə eksklüziv müsahibəmi HAFİZTİMES.COM adlı saytımda mən yayımladım. Onları tapmaq üçün aylarla oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları, qonşuları ilə əlaqə yaratmışam. 

Nəhayət, aylar sonra Cəlil Məmmədquluzadənin varislərini facebook-da tapdım. Mesaj göndərdim. Mirzə Cəlilin adını ilk məndən eşidirdilər...O qədər təəcüblənirdilər ki... Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə böyük Mirzə Cəlili onlara mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Çünkü onlara mən Azərbaycanın necə gözəl olduğunu yazırdım... 

Hər gün yazıb, əlaqə saxlayırdıq. Müsahibə yayımlanandan sonra bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. "211" başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi Mən AMEA-dan alim... İsa Həbibbəyli... Düz yarım saat təriflər yağdırdı: "onların nömrəsini ver, adress, contact". Elə şirin, mehriban danışırdı ki... Məndə də həqiqətən telefon nömrəsi yox idi. Dedi köməkçim Pənaha onlarım facebook hesabını, email-lərini göndər. Mən də göndərdim! 

Nəhayət, 10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekə qarın kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib". Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur"undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...

Mənim bütün əziyyətimi öz adlarına çıxıb, nüfuzlarını artırmağa xidmət edirdilər. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi.

Guya ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, facebook hesabımı?! Yazırdılar ki, "xahiş edirik İsa müəllim sizinlə danışmaq istəyir"... Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin mənim nömrəmi silib, onlarınkını qeyd ediblər...

Diaspora Komitəsinin rəhbəri Fuad Muradov da Polşada olanda varislərlə görüşmüşdü. Təbii onlara da mən ünvanı vermişdim! O zaman da heç bir mətbuat orqanı adımı qeyd etmədi. Hətta varis özü mənə yazdı ki, sənin haqqında Polşadakı "azərbaycanlı"lara məlumat verdik ki, "bizi Hafiz Əhmədov tapıb", saytım barədə danışıblar. Bizim yerli "azərbaycanlılar" isə deyiblər ki, məni tanımırlar... Çox təəssüf...

Ey Azərbaycan Xalqı. Sizdən xahiş edirəm ki, imkan verməyin mənim əməyimi başqaları öz adlarına çıxsınlar, imkan verməyin haqqımı tapdasınlar! Mən bu yazıları sizin üçün yazıram. İki ildir işsizəm. Nə milyonluq ofisim, nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam, nə də "əməkdarlığım" var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi Tovuzda ucqar bir dağ kəndində yazıram... Heç bir maddi qazancım yoxdur. Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da bu araşdırmaları yazıram. Xahiş edirəm mənim yaradıcılığıma sahib çıxın. İmkan verməyin yazılarımı kimsə öz adına çıxsın.

Prezident İlham Əliyev hər dəfə gəncləri aktiv olmağa çağırır. Mən də iki ildir işsiz olmağıma baxmayaraq Azərbaycan mətbuatı tarixinə qızıl həriflərlə düşməli olan 60 top araşdırma müsahibə yazmışam.

Mirzə Cəlilin yubileyi ilə bağlı Prezident sərancam imzalayıb. Mən də ən dəyərli araşdırmanı edib müsahibəni yayımlamışam. Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabdin Tağıyev, Mirzə Fətəli Axundzadə ilə bağlı tarixi araşdırma müsahibələr hazırlamışam dünyadan... Amma heç kim "sağ ol ay Hafiz Əhmədov" deməyib. Mən də Azərbaycan gənciyəm axı! Hələ bütün əziyyətlərimi, fəaliyyətimi "alimlər" öz adlarına çıxırlar... Budurmu, AMEA?! Budurmu, Azərbaycan elmi?!

Budurmu, gənclərə dəstək olmaq?!

Cəlil Məmmədquluzadənin varisləri ilə bağlı günlərdir ki, xəbərlər, müsahibələr yazan Azərbaycan "jurnalistlər"inə deyəcəyim tək budur ki, sizin də zəhmətiniz, əməyiniz mənim kimi hədər olsun. Haqqıma girdiniz yenə ey Azərbaycan jurnalistləri....

İndi siz deyin bu dəqiqə Bakıda məndən cavab gözləyən Mirzə Cəlilin varislərinə nə yazım, necə deyim ki, iki ay öncə sizə təriflədiyim Azərbaycanda mənim haqqımı necə tapdaladılar, zəhmətimi öz adlarına çıxdılar və məni sizinlə görüşə dəvət etmədilər... Azərbaycandakıların, bu gün onların üzünə gülənlərin əsil üzlərini görsələr əminəm ki, bir dəqiqədə burda qalmazlar...

Mən şəxsiyyətimi, əməyimi pula satanlardan deyiləm. Mən Azərbaycan üçün çalışıram. Amma etiraf edim ki, özümün 20 manatım olsaydı gedib görüşərdim.

Artıq Azərbaycanda doğma VƏTƏNİMİN qoxusunu duya bilmirəm...”.

***

"Hafiz Əhmədovun Cəlil Məmmədquluzadənin Polşadakı varislərinin tapılmasında böyük rolu olub. Mən bunu danmıram”.
 
Mia.az xəbər verir ki, bu sözləri isə  Yenisabah.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibəyli deyib.

İsa Həbibbəyli deyi ki, Hafiz Əhmədova zəng vuraraq onu qonaqlarla görüşdürmək istəyib. 

"Mən dünən ona zəng vurmuşam. Dedim ki, səni Bakıya dəvət edirəm. Bu gün Mirzə Cəlilin varislərinin müxtəlif yerlərdə görüşləri var. O isə dedi ki, Bakıya gəlməyə imkanım yoxdur. Mən bütün məsrəfləri öz üzərimə götürdüyümü dedim. O da düşünəcəyini bildirdi. Amma görürəm ki, bu gün ona yaraşdırmadığım açıqlama verib. Mən onu ziyalı kimi tanıyıram, ona yaraşdırmadım bu sözləri”, - deyə AMEA-nın vitse-prezidenti bildirib. 

İsa Həbibəyli əlavə edib ki, 30 ildir Mirzə Cəlilin nəslinin davamçıları ilə bağlı araşdırma aparır: "Mən ilk dəfə Mirzə Cəlilin varisləri ilə 1992-ci ildə görüşmüşəm. Bununla bağlı fotolar və mətbuatda yazdığım yazılar var. 1997-ci ildə isə Mirzə Cəlilin şəcərəsi ilə bağlı kitab yazmışam. Həmin kitabda Azərbaycana dəvət etdiyimiz Polşadakı nəticələrinin də adı var. Onların atası Midhəd Cavanşiri İranda yaşayırdı. Onunla müxtəlif illərdə 4 dəfə görüşmüşəm. 2009-cu ildə isə o vaxt Polşada səfir olan Vilayət Quliyevdən xahiş etdim ki, onlarla əlaqə yaratsın, Azərbaycana dəvət etsin. Amma həmin vaxt gəlmədilər. 2013-cü ildə Midhəd Cavanşiri dünyasını dəyişəndən sonra əlaqə itdi. 

Sonra Hafiz Əhmədovun Martin Cavanşiri ilə müsahibəsini oxudum. Nömrəsini tapıb zəng vurdum, ona təşəkkür etdim və onlarla əlaqə qurmaqda yardımçı olmasını xahiş etdim. Yəni, bu işdə Hafiz Əhmədovun rolu olub və mən də onu Mirzə Cəlilin varisləri ilə görüşə dəvət etmişəm. Doğrudur, birinci gün zəng vura bilməmişəm, çünki nömrəsini tapa bilmədim. Amma dünən zəng vurub görüşə dəvət etmişəm. O, nə zaman Bakıya gəlsə, mənim qonağım ola bilər”.

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR