2020-nin büdcəsi müzakirə edildi

18-11-2019 [16:06]
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda müzakirə olunub.

Mia.az MM-ə istinadla xəbər verir ki, öncə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələ barədə məlumat verib. Daha sonra maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib. O qeyd edib ki, gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır.

Çıxış edən deputatlar - Vahid Əhmədov, Fazil Mustafa, Rüfət Quliyev, Aydın Hüseynov, Kamran Nəbizadə, Aydın Mirzəzadə "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə fikirlərini bildiriblər, təkliflərini diqqətə çatdırıblar. Çıxışlarda ölkə Prezidentinin yürütdüyü iqtisadi siyasətdən razılıq ifadə olunub. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, turizmin genişlənməsi, ali məktəblər üçün yeni korpusların və tələbə yataqxanalarının tikilməsi, təhsil kreditinin verilmə mexanizminin müəyyənləşdirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və digər məsələlər önə çəkilib.

Müzakirə zamanı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların çıxışlarına münasibət bildiriblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışdı, gələn ilin dövlət büdcəsinə dair qeydlərini bildirib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması və s. prioritet məsələlərdəndir.

Deputatların suallarını cavablandırdıqdan sonra komitə sədri Z.Səmədzadə çıxışlara yekun vurub. 

Yekdil qərarla "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


SON XƏBƏRLƏR