“İqtidar-müxalifət dialoqlarının keçirilməsi zəruridir" - Deputat

18-11-2019 [12:56]
"İqtidar-müxalifət dialoqlarının keçirilməsi zəruridir. Ehtiyac duyulanda cəmiyyətin sifariş kimi önə çəkmiş olduğu aktual məsələlərin birgə müzakirəsində bu cür yanaşmalar, dəyirmi masalar əhəmiyyətlidir. Belə addımlar cəmiyyət tərəfindən də müsbət qarşılanır, yüksək qiymətləndirilir”.

Bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

"Biz bununla bağlı ilk addımımızı atdıq, "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa cəmiyyətdə yetərincə rezonans doğurdu. Həmin dəyirmi masaya bəzi epizodlar istisna olmaqla demək olar ki, mənfi münasibət olmadı. Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını, ciddi məsələri önə çəkəndə bu cür dəyirmi masaların keçirilməsi aktuallaşır. Bu, gündəlikdədir, birini keçirdik deyə kifayətlənmək düşüncəsində deyilik. Zəruri olanda bu cür dəyirmi masaların keçirilməsi mümkün olacaq. Ancaq hələlik belə bir aktuallıq görünmür” – deyə Fəzail Ağamalı fikirlərinə əlavə edib.

Deputat bildirib ki, ötən dialoqa Əli Kərimlinin rəhbəri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) istisna olmaqla bütün partiyalar dəvət olunmuşdu:

"Dəvəti KİV-lər vasitəsilə, telefon zəngləri ilə və ya mesajlarla etmişdik. Onlardan çoxu iştirak etdi, bəziləri hansısa səbəbdən və ya bizim yol verdiyimiz texniki səhv səbəbindəndən iştirak etmədi. Faktiki olaraq dəyirmi masa baş tutdu, ciddi xarakter daşıyan bəyanat qəbul edildi. Biz keçirəcəyimiz növbəti iqtidar-müxalifət dialoqunda ənənəyə sadiq olaraq Azərbaycanda anarxist mövqe tutan, xaos yaratmağa çalışan partiyalar istisna olunmaqla dövlətçilik və milli maraqlarımıza xidmət edən bütün siyasi partiyaları dəvət edəcəyik. İştirak edib-etməmək hər bir partiyanın öz seçimidir”.

Xatırladaq ki, 2019-cu il sentyabrın 11-də Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib. Dəyirmi masada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, "dəyirmi masa"ya qatılmayıb/Report.


SON XƏBƏRLƏR