Aksiyaçılar parlament binasının dəmir darvazalarına qıfıl vurdu - Gürcüstanda gərginlik artır

17-11-2019 [18:23]
Tbilisidə davam edən kütləvi etiraz aksiyasında parlament binasının bloklanmasına başlanılıb.

Parlamentin bütün darvazaları qıfıllanmaqla yanaşı, binaya giriş qapılarının qarşısında çadırlar qurulub.

Aksiyaçılar bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Gia Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir".

G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb/Report.

***17:51

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının üzvləri parlament binasının dəmir darvazalarından birinə qıfıllar bağlayıblar.

Partiya nümayəndələri bildiriblər ki, qanunverici orqanın digər qapıları da qıfıllanacaq.

Partiya lidelərindən biri olan Gigi Uqulava bildirib ki, qıfılların açarları xalqa veriləcək: "Gürcü Arzusu Partiyasının heç bir deputatı bu binaya daxil olmayacaq. Parlamentin qapıları yalnız İvanişvilinin təslim olmasından sonra açılacaq”.

Müəyyən vaxt sonra polis əməkdaşları qıfılları darvazadan açıblar. 

***16:47

"Biz evə getməyəcəyik və parlamenti tam olaraq bloklayacağıq".

Bu barədə müxalif Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze parlamentin qarşısında keçirilən etiraz aksiyasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan parlamenti legitimliyini itirib.

"Güc birlikdədir" müxalif birliyinin nümayəndəsi Giorgi Vaşadze isə deyib ki, müxalifətin aksiyası və itaətsizlik Konstitusiya çərçivəsində olacaq.

"Hamı bir nəfərə qarşı" şüarı altında təşkil olunan aksiyaya 20-dən çox siyasi təşkilat qoşulub.

Müxalifətə dəstək olaraq Acarıstanda hökumət binasının qarşısında da aksiya keçirilir. Aksiyaçılar seçki qanunvericiliyinə dəyişikliyin olunmasını tələb edirlər.

***15:05

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında kütləvi etiraz aksiyası başlayıb.

Aksiyada "Güc birlikdədir" müxalif birliyi, "Lelo", "Girçi" və "Utanc" hərəkatının üzvləri iştirak edirlər.

Aksiyanın əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefasıdır.

Müxalifət həmçinin Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini də tələb edir. Aksiyaya müxalifət partiyalarının digər şəhər və bölgələrdəki yerli təşkilatlarının üzvləri və tərəfdarları da qatılıb.

Aksiya ilə bağlı parlament binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi aksiya zamanı ictimai təhlükəsizliyin təmin ediləcəyini bildirib. Qurumdan qeyd olunub ki, aksiya iştirakçılarının istənilən qanun pozuntusu, inzibati orqanlara hücum və ya mühasirəyə alınması cəhdlərinin qarşısı dərhal alınacaq.

Yerli vaxlta saat 17:00-da müxalif Vətənpərvərlər Alyansı Partiyasının təşkilatçılığı ilə Tbilisidəki Birinci Respublika Meydanında digər etiraz aksiyası da keçiriləcək. Aksiyada hakim Gürcü Arzusu Partiyasının hakimiyyətdən getməsi tələb olunacaq. Partiya etiraz aksiyalarının davamlı olaraq keçiriləcəyini elan edib.

Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir/Report.




SON XƏBƏRLƏR