"Dedim ki, hakimiyyətlə heç bir problemin yoxdur, nə lazımdır bu gediş?" - İlqar Altay saxta mühacir oyunundan yazdı

15-11-2019 [12:23]
"Almaniyada mühacir alveri və bu yöndə edilən saxtakarlıqlara qarşı hüquq-mühafizə orqanları- polisin apardığı əməliyyatlar həmvətənlərimizin və bizim siyasi müxalifətin çox təəssüflər olsun ki, bu pozuntularda iştirakına şübhələri real edir”.

Mia.az xəbər verir ki, bunu hüquqşünas İlqar Altay deyib.

 O, bildirib ki, mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir və hüquqda da eyni mahiyyətli tutulur, eyni qədər də fəsadlı cinayət əməli hesab edilir. O, qeyd edib ki, hazırkı əməliyyat-axtarış tədbirləri, həbslər hələ ki, şübhəli qismində olaraq təqsirləndirmə deyil.
 
"Ona görə, konkret şəxsləri və partiyaları tələsik adbaad günahlandırmayaq. Amma Azərbaycan müxalifətinin bu cür ziyankar və çirkli əməllərə yol verməsi faktlar, söz-söhbətləri də yeni deyil. Elə məndəki əsil faktlardan canlı birisini deyim.

2011-ci ildə Bakıda evimi təmir edən bir bacarıqlı həm ali təhsilli, savadlı usta vardı. Adı Mehman idi (soyadını demirəm), həm də yaxın idi. Bir gün dedi ki, ailəsini götürüb Avropaya getmək istəyir. Məsləhət istədi və dedi ki, filan partiyaya (adını demirəm) üzv olub qaçqın statusu üçün müvafiq sənəd ala biləcək.

Dedim ki, Mehman, gül kimi qazanclı sənətin, ev- eşiyin, bacarığın, müştərilərin və hakimiyyət ilə də heç bir problemin yox, nə lazımdır bu gediş? Dedi yox, gedecem. 2016-da xaricdən zəng vurdu ki, xaricdəyik artıq, Düsseldorfda.

Bir də, mən 2017-də Almaniyada olanda zəng vurdu ki, hər şey yaxşıdır, yaxşı bir təmir işindədir, qazancı, ev veriblər, qızı işləyir. Bu ara telefonumda nömrələr silindi, əlaqə itdi.

Bir az da keçdi. Bir də gördüm hansısa İnternet tv-də qanı qara müsahibə verir ki, bu gün səhər arvad-uşaqlarını o işdə olanda polis, miqrasiya evdən götürüb aparıb və deportasiya edib. Qaçıb aeroporta yalnız uzaqdan görə bilib onları. Sən demə sənədi saxta imiş, özünü də deportasiya etdilər sonra. İşi də, qazancı da, həyatı da getdi...

Müxalifət partiyaları, belə bir saxtakar mühacir alveri ilə, nə ziyankarlıq və fəsadlar törətdikləri barədə bilsinlər. Əvvəla bu agır cinayət əməlidir və hakimiyyət əldə etmək, demokratiya qurmaq ideyalarını alt-üst edir. İkinci ölkə və beynəlxalq ictimaiyyətin qarşısında müxalifəti gözdən salır.

Üçüncü bu əməl, üzərində alver qurulan insan və onun ailəsinin həyatını intihara qədər alt-üst edir, insafsızcasına zəlil edir. 

Dördüncü, biz hər zaman, iqtidar məmurlarını korrupsiya, dələduz əməllərinə görə kəskin tənqid edirik. Belə halla bu saxtakar müxalifət funksionerləri ilə, iqtidar rüşvətxor-korrupsioner məmurun nə fərqi olur?

Belə fikir yaratmırmı ki, bu müxalifətin də əlinə o böyük imkan-səlahiyyət keçsə, heç də oliqarx korrupsioner məmurlardan geri qalmazlar? Və bəlkə, xalq müxalifətə buna görə dəstək vermir”.


SON XƏBƏRLƏR