Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub

13-11-2019 [10:43]
Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.

Bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Bu ilin noyabrın 10-na olan məlumata əsasən, qonşu ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib ki, onların da 43-ü uşaqdır.

Xəstəliyə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Həmin şəxslərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə ölüb.

HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyəti - 2956 fakt olmaqla Tbilisidə qeydə alınıb. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.

Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində 452 nəfər QİÇS daşıyıcısıdır.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir/Report. 


SON XƏBƏRLƏR