Hesablama Palatasının sədri yeni büdcə ilə bağlı rəyi açıqladı - Risklərlə bağlı təkliflər

img

12-11-2019 [19:03]


Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxış eidb.

Mia.az xəbər verir ki, Palata sədri ilk olaraq Rəyin tərtibinin və "Büdcə zərfi”nin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğu barədə məlumat verib: 

"Təqdim etdiyimiz Rəy "Büdcə sistemi haqqında” Qanunu ilə yanaşı "Hesablama Palatası haqqında” Qanunun 3 maddəsinin tələbinə uyğun olaraq tərtib edilir. Belə ki, bu rəyin hazırlanması Hesablama Palatasının fəaliyyət istiqamətləri və vəzifələri arasında ilk olaraq göstərilmiş, büdcə prosesində iştirakı olaraq müəyyən edilmişdir.

Müzakirə etdiyimiz "Büdcə zərfi”nə daxil olan parametrlər "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş hədəflərə adekvat olmaqla proqnozlaşdırılmışdır. Eyni zamanda qeyd edim ki, dövlət büdcəsinin xərclərinin təhlili Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində qəbul etdiyimiz öhdəliklərin icrası ilə bağlı zəruri vəsaitlərin layihədə nəzərə alındığını göstərir.

Zərf "Büdcə sistemi haqqında” Azərbaycan Respubikası Qanununun 3-cü, 4-cü, 6-cı, 8-ci maddələrinin  tələblərinə uyğun  tərtib edilmiş, müvafiq qaydada və vaxtda təqdim olunmuşdur. Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş sənədlər zərfə daxil edilmiş, növbəti ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində "Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsində təsbit olunmuş göstəricilər əks etdirilmişdir".

Palata sədrinin sözlərinə görə, keçən həftədən başlayaraq Parlamentdə növbəti ilin dövlət büdcəsinin layihəsinin müzakirələri aparılır və Hesablama Palatası da bu müzakirələrdə aktiv iştirak etməkdədir:

"Azərbaycan Respublikasının Hesablama Palatası dövlətin adından maliyyə nəzarətini həyata keçirən orqan olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə və vaxtda öz rəyini təqdim etmişdir. İstənilən rəyin sözün əsl mənasında rəy olması üçün onun diskriptiv xüsusiyyətli olmasından qaçılmalıdır. Hesab edirik ki, rəyimiz dövlət maliyyəsində şəffaflığın artırlmasına tövhədir. Bu baxımdan Hesablama Palatasının rəyində tərəfimizdən müxtəlif yanaşmalar tətbiq edilməklə dövlət büdcəsinin proqnozlaşdırılmış gəlir və xərcləri təhlil edilmiş, büdcənin icrası zamanı rast gəlinə biləcək risklər müəyyən edilmiş, nəticələr və tövsiyələr təqdim olunmuşdur.

 Qeyd etmək istərdim ki, "Büdcə zərfi”nə cari ildə fiskal dayanıqlılığa təsir edə biləcək risklər, o cümlədən neft qiymətinin dəyişkənliyi, dövlət müəssisələrinin borcları, maliyyə-bank sektorunun kreditləşmədə zəif iştirakı barədə məlumatlar daxil edilmişdir. Tərəfimizdən əlavə olaraq investisiya layihələrinin tərtibi zamanı bu istiqamətdə xərclərin hesablanılması ilə bağlı normativlərin müəyyən edilməməsini, dövlət vəsaitlərinin satınalmalara cəlb edilmədən icra olunması hallarının mövcudluğunu və satınalmaların strukturunda birmənbədən satınalmaların üstünlük təşkil etməsini və  ölkə üzrə nağd pul kütləsinin artmasının real sektorda nağd əməliyyatların həcmini artırmaqla vergidən yayınma hallarının artmasına şərait yaratmasını risk amili olaraq dəyərləndirilmişdir.

 Bir məqamı da diqqətə çatdırım ki, dövlət büdcəsinin layihərinə dair rəyimizdə əsas məqsədimiz zərfdə əks etdirilmiş göstəricilərin nə dərəcədə əsaslı və adekvat olması ilə bağlı hörmətli millət vəkillərinə ədalətli və dolğun məlumatın çatıdırılmasıdır. Bu baxımdan "Büdcə zərfi”nə daxil edilmiş sənədlərin əsasən qanunun tələblərini ödəməsini vurğulamaqla həmin sənədlərin və izahatların məzmunun artırılması və siyahısının genişləndirilməsinin tərəfdarıyıq. 

İndi isə Rəydə əks etdirilmiş bəzi məqamları diqqətiniə çatdırmaq istərdim. İlk olaraq qeyd edim ki, dövlət büdcəsinin layihələndirildiyi dövr  dünya üzrə  makroiqtisadi və siyasi amillərin təsiri ilə formalaşan müxtəlif meyllərin təsirinin dəyişkənliyi ilə xarakterizə oluna bilər. 2019-cu ilin ötən dövrü qlobal iqtisadi mənzərədə qeyri-müəyyənliyin yüksəlməkdə davam etdiyi, geosiyasi gərginliklərin iqtisadi tərəddüdlərin əsas determinantlarından birinə çevrildiyi, mühüm iqtisadiyyatlarda artım tempinin səngidiyi, qlobal ticarəti zəiflədiyi bir dövr olmuşdur.

 Diqqətə çatdırmaq istərdim ki, dövlət büdcəsinin gəlir və xərcləri müstəqilliyimizin manat ifadəsində ən böyük göstəricisi olmaqla neftin qiymətinin əvvəlki ilə nisbətən aşağı götürülməsi, Dövlət Neft Fondundan transfertin məbləğinin və bu transfertin büdcə gəlirlərində payının azalması, qeyri-neft gəlirlərinin neft gəlirləri ilə müqayisədə daha sürətli artımı və makroparametrlərin müsbət dinamikalı meylləri fonunda artımla proqnozlaşdırılmışdır. 

Hesablama Palatası bəzi tədiyə növləri üzrə gəlirlərin məbləğlərinin makroiqtisadi göstəricilərə adekvat şəkildə proqnozlaşdırıldığı, eyni zamanda, bəzi növlər üzrə əlavə potensialın mövcud olduğu qənaətindədir və bu qənaətin əsasları ilə bağlı Rəydə geniş məlumat təqdim edilmişdir. 

 Dövlət büdcəsinin gəlirləri ilə bağlı cari ildə  atılan addımların müsbət nəticələri növbəti ilin layihəsində də əks olunmuşdur. Ümumilikdə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) məqsədilə bu baxımdan konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının hazırlanmasının daha münbit şəraiti formalaşdıracağı qənaətindəyik.

 Təqdim edilmiş qanun layihəsini fərqləndirən məqamlardan biri 2019-cu ildən başladığımız büdcə qaydasına edilmiş dəyişikliklər nəzərə alınmaqla tətbiqidir. Qüvvədə olan qanun və "Büdcə zərfi”nin müqayisəsi növbəti ilin dövlət büdcəsinin yeni dəyişiklik nəzərə alınmaqla büdcə qaydasına riayət edilməklə proqnozlaşdırıldığını qeyd etmək imkanı verir. 

Beynəlxalq təcrübəni araşdırmaqla Hesablama Palatası büdcə qaydasının tətbiq edilməsi ilə hədəflənən məqsədlərin strateji sənədlərdə konkret müəyyənləşdirilməsinin  ümumilikdə iqtisadi sistemin inkişafında yerini təyin etməklə effektinin də aralıq dövrlərdə qiymətləndirilməsi və bu qaydaya korrektələr edilməsi imkanlarını yaradacağına inanır".

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının Rəyində bir sıra istiqamətləri əhatə edən tövsiyələr də əks etdirilib: "Tərəfimizdən investisiya layihələrinə yönəldilən vəsaitlərin səmərəliliyin yüksəldilməsi məqsədilə tikinti, memarlıq və şəhərsalma sahəsində ehtimal olunan qiymətlərin müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması, informasiya sistemlərinin yaradılması proseslərinin davamlı inkişaf prinsiplərinə əməl edilməklə və inteqrasiya tələbləri nəzərə alınmaqla yaradılması, ümumiyyətlə, İKT layihələrinin səmərəlilik, nəticəlilik baxımndan qiymətləndirilməsini təmin edən tədbirlərin həyata keçirilməsi, dövlət büdcəsindən qeyri-kommersiya və kommersiya təşkilatlarına verilmiş vəsaitlərin xəzinə müşaiyəti ilə icra edilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üzrə normaların təkmilləşdirilməsi ilə bağlı maliyyə inzibatçılığının gücləndirilməsi və s. istiqamətlərdə tövsiyələr təqdim edilmişdir.
 
Çıxışımda dövlət büdcəsinin hansı istiqamətlərə hansı məbləğin nəzərdə tutulması ilə bağlı danışmadım. Hesab edirəm ki, tədricən bu göstəricilərdən nisbətən uzaqlaşmalıyıq.

Yeni çağırışlar dövlət büdcəsinin neçə faiz icra edilməsi mülahizələrindən deyil, icra edilmiş vəsaitlərinin hansı nəticələrə gətirib çıxarması konktekstindən qiymətləndirilməsini tələb edir. Bu isə dövlət büdcəsinin tərtibinə yeni yanaşmanın tətbiqini zərurətə çevirir. Büdcə xərclərinin yönələcəyi hədəflərin kəmiyyət və keyfiyyət göstəricilər vasitəsilə müəyyənləşdirilməsi strateji planların uğurlu icrasına yaratmış olacaq və nəticə əsaslı büdcəyə keçid isə dövlət vəsaitlərindən səmərəli istifadəyə səbəb olacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR