Qulamhüseyn Əlibəyli:"Talançılıq hakimiyyətin reytinqini aşağı salıb"

img

04-09-2013 [15:52]


Milli Şura yaranarkən Aydınlar Partiyası qurumun fəaliyyətində yaxından iştirak etsə də, son proseslərdə nədənsə, kənarda dayanıb. Hətta vahid namizədin müəyyənləşməsi ilə bağlı müzakirələrdə də Milli Şura üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fəallığı nəzərə çarpmadı. "Reytinq"ə müsahibə verən Q.Əlibəyli öncə bu məsələyə aydınlıq gətirdi:
- Mən, Milli Şuranın üzvü kimi hər zaman qurumun fəaliyyətində aktiv işirak etmişəm və hər hansı bir problem yoxdur. Düzdür, son iclaslara qatıla bilməmişəm, bu isə səhhətimlə bağlıdır.
Bildiyiniz kimi, Milli Şuranın bir neçə komissiyası var. Mən də Hüquq Komissiyasında təmsil olunuram. Biz, Milli Şura qalib gələndən sonra ölkədə konstitusion islahatların ilkin layihəsini hazırlayırıq. Yəni, fəaliyyətimiz əsasən bu istiqamətdə qurulub. Ola bilsin ki, mətbuatda fəaliyyətimiz işıqlandırılmır, mən özüm də az görünürəm və bu səbəbdən də belə bir rəy yaranıb. Amma Milli Şuranın üzvü olaraq qalıram və bu qurumun uğur qazanması üçün əlimdən gələni edirəm, bundan sonra da edəcəyəm.
- Milli Şura ətrafında qeyri-müəyyənlik yaranmışdı. Vahid namizədin ölkəyə gələ bilməməsi, ehtiyat vahid namizədin irəli sürülməsi və digər məsələlər ortaya çıxdı. Baş verənlərlə bağlı hər hansı narahatlığınız varmı?
- Milli Şura üzvlərinin, eləcə də mənim ən böyük narahatlığım vahid namizədimiz Rüstəm İbrahimbəyovun ölkəyə gələ bilməməsi, namizədliyinin qəbul olunmaması ilə bağlıdır. Çox təəssüf ki, bu istiqamət-də bir sıra hüquqi problemlər var və onlar bu gün də həll olunmamış qalır. Ehtiyat edirdik ki, Milli Şura seçkilərdən kənarda qala bilər. Lakin bu məsələnin də öhdəsindən gəldik.
Düzdür, Milli Şura əvvəlcə bir qədər ləng hərəkət elədi. Amma sonra müzakirələr aparıldı və proses davam etdirildi. Hesab edirəm ki, Milli Şuranın qərarı düzgündür. Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi Milli Şuranın seçkidən kənarda qalmaq ehtimalını aradan qaldırdı. Artıq Cəmil bəyin namizədliyi MSK tərəfindən təsdiqlənib, imza vərəqələri götürülüb və imzatoplama kampaniyası davam edir.
- Necə düşünürsünüz, C.Həsənli Milli Şuranın, eləcə də ümumi müxalifətin vahid namizədi missiyasını lazımi səviyyədə həyata keçirə biləcək?
- Cəmil Həsənli görkəmli tarixçi-alimdir. Onun tarixlə bağlı kitablarından dünyanın bir çox ölkələrindəki universitetlərdə dərslik kimi istifadə olunur. Bundan başqa, Cəmil bəy təcrübəli siyasətçidir, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub, müxtəlif dövlət orqanlarında fəaliyyət göstərib, 10 il millət vəkili olub. Hesab edirəm ki, Cəmil Həsənli bir siyasətçi və dövlət xadimi kimi dövləti idarə etmək bacarığına malik şəxsdir. Həm ziyalı, həm alim, həm də siyasətçidir. Bu səbəbdən də Cəmil Həsənlini vahid namizəd kimi irəli sürməklə Milli Şuranın doğru qərar verdiyini düşünürəm.
- Ancaq hakimiyyət nümayəndələri bildirirlər ki, C.Həsənlinin namizədliyini irəli sürmək Milli Şuranın düşdüyü xaotik vəziyyətdən çıxış yoludur və bu da uğurlu nəticəyə gətirib çıxara bilməz...
- Milli Şurada birləşmiş müxalifətin belə bir addım atması təbii ki, hakimiyyəti qıcıqlandırır. Çünki hakimiyyət Cəmil Həsənlini daha güclü namizəd sayır və ona görə də bu kimi əsasız iddialarla çıxış edirlər. Yəni, Milli Şura və onun namizədi ilə bağlı hakimiyyət nümayəndələrinin səsləndirdikləri fikirlər "qara pi-ar"dır. Əslində, mən hakimiyyətin "qara piar" aparmasına da normal baxıram. Hakimiyyət bütün seçkilərdə rəqiblərinə qarşı "qara piar" aparır, hətta bəzən təhqiredici formaya da əl atır. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ona görə də hakimiyyət nümayəndələrinin Milli Şura və Cəmil Həsənli barədə nə demələri məni o qədər də maraqlandırmır.
- Qulamhüseyn bəy, Milli Şuranın 18 avqust mitinqi gözlənilən effekti vermədi. Mitinqə 5 min adam yığa bilməyən bir qüvvənin ölkənin narazı elektoratının dəstəyini alacağını iddia etməsi nə qədər əsaslıdır?
- Bilirsiniz, siyasi həyatın bir çox qanunauyğunluqları var və o qanunauyğunluqlardan biri də odur ki, mitinq yeganə siyasət forması deyil. Təəssüf ki, bəzən müxalifət dairələri də elə düşünür ki, mitinq yega-nə mübarizə formasıdır. Amma elə deyil. Mitinq on minlərlə siyasi fəaliyyət formalarından biridir. Bir də ki, əsas məsələ mitinqdə iştirak edənlərin sayı yox, mitinqin tələbidir. Bu baxımdan mitinqə toplaşanların sayı ilə, siyasəti, mübarizə əzmini ölçmək doğru olmazdı.
- Yaxşı, Milli Şuranın narazı elektoratı öz tərəfinə çəkə biləcəyini nə ilə əsaslandırırsınız?
- Mənə elə gəlir ki, narazı kütlənin hansı yöndə seçim etməsi seçki təbliğatının aparılmasından asılı ola-caq. Yəni, seçkiqabağı təbliğat elə qurulmalıdır ki, narazı kütlə seçkiyə gəlsin və səs versin. Bu ölkədə hakimiyyətdən narazı olanların sayı həddindən artıq çoxdur. Aparılan anti-demokratik və talançılıq siyasəti hakimiyyətin reytinqini aşağı salıb. Sadəcə olaraq, hakimiyyət hər zaman inzibati resurslar hesabına qalib gəlir. Ona görə də hakimiyyətdən narazı olan, lakin seçkiyə gəlməyən, "onsuz da əhəmiyyəti yoxdur",- düşüncəsində olan insanların səsverməyə gəlməsinə nail olmaq lazımdır.
- Bununla bağlı hansısa təklifləriniz, planlarınız varmı?
- Artıq seçki qərargahında bununla bağlı müzakirələr gedir. Hesab edirəm ki, bu, seçki təbliğatı ilə bağlı olduğu üçün bir çox məsələlərin mətbuatda ifadə olunmasına ehtiyac yoxdur.
- Seçkiyə qısa müddət qalıb. Seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiz, saxtakarlığa, yoxsa normal bir seçki prosesinə doğru gedirik?
- Seçkiöncəsi vəziyyət bir tərəfdən sakit görünür, digər tərəfdən isə proseslər ləng gedir. Hakimiyyət öz bildiyini edir və bu üzdən də normal bir seçki keçirilməsi üçün şərait yoxdur. Ümumiyyətlə, nə seçki komissiyaları, nə seçki qanunvericiliyi, nə də insan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı olan vəziyyət normal seçki mühitinin formalaşmasına imkan verir. Müxalifətə olan münasibət, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, siyasi məhbuslar və digər məsələlər də Azərbaycanda seçkiqabağı mühitin normal olmadığını göstərir. Ancaq mənə elə gəlir ki, necə olursa-olsun seçkidə iştirak edərək, o vəziyyəti dəyişmək lazımdır.
- Amma boykot haqında düşünənlər də var. Eyni vəziyyət 2008-ci ildə də var idi, müxalifətin əksəriyyəti seçkini boykot elədi. Sizcə, nəsə dəyişib ki, indi hamı seçkiyə gedir?
- Bu sualın birinci hissəsi o dövrdə boykot yolu tutanlara aiddir. Mən bir siyasətçi, partiya sədri olaraq, boykot taktikasını qəbul eləmirəm. Daimi boykot yolunu tutmaq siyasi fəaliyyətdə anormallıqdır. Lakin buna baxmayaraq, boykot da bir taktika kimi mövcuddur və bəzən bundan istifadə eləmək olar. Çox təəssüf ki, 1998-ci ildə də, 2008-ci ildə də seçkilər bir çox müxalifət qüvvələri tərəfindən boykot olundu və bu taktika öz nəticəsini vermədi. Görünür, boykotçular da fikirləşirlər ki, bu taktika öz nəticəsini vermə-diyi üçün seçkiyə qatılmaq lazımdır. Əslində belə də olmalıdır. Çünki siyasi fəaliyyətin əsas prinsiplərin-dən biri və birincisi seçkidə iştirakdır.
- Seçki saxtalaşdırılırsa, qeyd etdiyiniz kimi, normal seçki mühiti yoxdursa, onda nəyə əsaslanaraq seçkiyə gedirsiz? Belə bir şəraitdə qələbə qazanmaq imkanları nə qədərdir?
- Seçkiyə gedəndə qələbə çalmaq imkanları hər zaman böyük olur. Azərbaycanda hakimiyyətdən narazı olan kütlənin böyük olması qələbəyə ümid yaradır. Düzdür, hakimiyyət inzibati resurslar hesabına saxtakarlıqla öz qələbəsini təmin edir. Amma mənə elə gəlir ki, birləşmiş müxalifət məhz bu seçki saxtakarlığının qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Seçicini seçkiyə gətirmək, səs almaq və sonra insanların öz səsini qorumaq üçün mübarizə aparmağa hazır etməyi bacarmaq lazımdır. Bu məsələlər qapalı şəkildə müzakirə olunmalıdır ki, seçki saxtakarlığının qarşısı necə alınsın, narazı kütlə seçkiyə necə gətirilsin, hansı yol seçilsin ki, verilən səslər oğurlanmasın? Bax, bu suallara cavab tapıb, təliğat kampani-yasını da o istiqamətdə qurmaq vacibdir. Bir də, insan onsuz da əvvəl-axır ölür, onda belə çıxır ki, yaşamağa dəyməz? Yəni seçki saxtalaşdırılır deyə, seçkidən kənarda qalmaq da düzgün olmazdı.
- Qulamhüseyn bəy, həm hakimiyyətin gücünü, həm seçkiöncəsi vəziyyəti, həm də Milli Şuranın hazırkı durumunu nəzərdən keçirdikdə oktyabrın 9-dan ümidverici nəsə gözləmək olarmı?
- Şəxsən mən budəfəki seçkilərlə bağlı pessimist deyiləm, ümidverici nəsə gözləyirəm.
- Hakimiyyətin dəyişməsini nəzərdə tutursuz?
- Hesab edirəm ki, oktyabrdakı seçkidə hakimiyyətin dəyişməsi mümkündür. Əgər Milli Şura seçki takti-kasını düzgün qursa, narazı kütləni öz ətrafına cəlb etməyi bacarsa, saxtakarlığa qarşı birgə mübarizə yetərli olsa, insanların seçkidən sonra səslərini qoruma mexanizmi həyata keçsə, qələbə bizimlə olacaq. Yəni, Milli Şuranın namizədi sözsüz qalib gələcək. Amma hakimiyyət də çalışacaq ki, seçkini saxtalaşdır-sın. Buna görə də Milli Şura çalışmalıdır ki, öz qələbəsini qorusun.

Digər xəbərlər
SON XƏBƏRLƏR