5 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb

04-11-2019 [11:31]
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə keçirilib.

Bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.

Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma Ombudsmanın səlahiyyətləri ilə bağlı hüquqi məsləhətlər verilib və müraciətləri qəbul olunub.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.


SON XƏBƏRLƏR