"Onsuz da əsəblərimiz pozulub" - Şəhər nəqliyyatında gediş haqları artırılacaq?

01-11-2019 [17:15]
Xəbər verdiyimiz ki, "Xəzər” Televiziyasında qonaq olan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında qiymətlərin dəyişmə ehtimalından danışıb.

"Ümumiyyətlə, ilin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində də belə şeylər var. Bu yeni kəşf deyil, bunu biz Bakı şəhərinə uyğunlaşdırıb tətbiq edirik”, - deyə o, bildirib. 

Məsələ ilə bağlı "Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu tətbiqin həyata keçiriləcəyinin real olmadığını bildirib:

"Vallah, dünya praktikasında stimullaşdırma deyilən bir anlayış var. Məsələyə bu aspektdən yanaşırlar. Amma Azərbaycan üçün keçərli deyil. Fatma nənə (ad şərtidir) ayda 200 manat təqaüd alır, Fatma nənədən niyə artıq pul tutulmalıdır? İndi Fatma nənə haradan bilsin ki, Bakı Nəqliyyat Agentliyi günün hansı saatında güzəşt edir, hansı saatında pulu çox çıxır? Bilməyib, yola çıxıb. Bəli, bu bizim mental xüsusiyyətlərimizə uyğun gələn texnologiya deyil və bunun tətbiqini real görmürəm”. 

Ekspert pik saatlarda tətbiq olunan qaydanın insanlar tərəfindən normal qarşılanmayacağını söyləyib:

"Pik saatlar avtobuslara aid edilməməlidir. Taksilər belə bir addım atırlar. Bunu artıq avtobuslara aid etmək mümkün deyil. Hələ bir zəhmət çəksinlər, avtobuslar üçün düzgün qrafik yaratsınlar, interval yaratsınlar, avtobuslar tıxaca düşmədən hərəkət edə bilsin. Onların güzəşti də, onların artıq pul çıxmağı da heç kimə lazım deyil. Məncə, insanlar bu addımı çox pis qarşılayacaqlar. Oturub gözləyək, bu güzəşt saatı nə vaxt başlayır, onda yola çıxaq ki, 5-3 qəpik qabağa düşək, 5 qəpik oradan bizə xeyir qalsın? İş vaxtı bəllidir də. Adətən, 8-də başlayıb, 5-də bitir. Şəhərin sıxlıq vaxtı məlumdur. İndi durub tıxacdan da pul qazanmaq düzgün addım deyil. Bəyəm, caamatın tıxaca düşmək kefindəndir? Kim istəyər, saatlarla oturub tıxacda qalsın, artıq da pul ödəsin? 

Onsuz da, əsəblərimiz pozulur, hələ üstəlik artıq pul da ödəməliyik ki, "çox sağ olun, bizə bu əsəbi yaşatdınız”. Bu qlobal nəqliyyat şəraiti şəbəkəsi olan şəhərlərdə ola bilər. Bizdə hələ salamat avtobus yoxdur, hələ pik saatlarda qiymət də artırırlar. Bilmirəm, gedib bunu hansı şəhərdən öyrəniblər, yanaşma bizim cəmiyyət düzgün görünmür”. 

İqtisadçı-ekspert Samir Əliyev də məsələyə münasibət bildirib. "Qısaca: Şəhər nəqliyyatında gediş haqları artırılacaq...”, - deyə S. Əliyev sosial şəbəkədə paylaşım edib.


SON XƏBƏRLƏR