Nazirlik Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yaydı: "Vəziyyəti ağır sabit olaraq qalır"

01-11-2019 [14:21]
Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"Noyabrın 1-də saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər. "City Hospital"da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev "City Hospital"dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır sabit olaraq qalır".

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. 


SON XƏBƏRLƏR