İki qurum Oktay Güləliyevlə bağlı yeni məlumat yaydı

31-10-2019 [18:12]

"Xəbər verildiyi kimi, oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır".

Bu, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər prokurorluğunun Mətbuat Xidmətlərindən Mia.az-a daxil olan birgə yaydığı məlumatda deyilir.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunaraq, bildirilib ki, müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri aparılıb: "Müəyyən edilib ki, 2019-cu ilin iyun ayından "A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus "Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən "Nizami” kinoteatrının qarşısından milliyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparmışdır. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirmiş, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən "İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürmüşdür.

Bundan sonra Kənan Abdullayev cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən "Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oktay Güləliyevi ehtiyatsızlıqdan vurmuşdur. O, dərhal ətrafdakı şəxslərin köməkliyi ilə Oktay Güləliyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparmışdır.

"Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən hadisədən dərhal sonra ictimaiyyətə açıqlanmışdır. Bu təfərrüatlar, həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur.

Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oktay Güləliyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Güləliyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir.

Bununla bərabər, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinin, yəni "Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilmişdir.

Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməmişdir. Kənan Abdullayevin, avtomobili, nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilmişdir.

Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra K.Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir".



SON XƏBƏRLƏR