Mehriban Əliyeva Bakıda internat evi və körpələr evi-uşaq bağçasında olub - FOTOLAR

31-10-2019 [17:22]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Mia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub.

Qeyd edilib ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Mia.az xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi.

Bildirilib ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.

Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı "Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

Mia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşdü, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış oldu.

İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur.

"Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Qeyd olunub ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.

Autizmli uşaqlar öz istedadlarını nümayiş etdirdilər.

Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.

Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər.


Birinci vitse-prezident Bakıda internat evi və körpələr evi-uşaq bağçasında olub



SON XƏBƏRLƏR