ABŞ-ın sabiq səfiri: "Kadr dəyişikliyi Azərbaycanda iqtisadi islahatların sürətlənməsinin rəmzidir"

img

31-10-2019 [13:37]


"Azərbaycan İqtisadiyyat Nazirliyinə yeni kadr təyinatları Azərbaycanın ehtiyac duyduğu iqtisadi islahatların sürətlənməsinə təkan ola bilər".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın "Caspian Policy" nəşrində dərc olunan məqaləsində deyilir.

"Bu kadr dəyişiklikləri Azərbaycan Prezidenti İlham Əliyevin yaşı 70-dən çox olan hökumət üzvlərinin gənclərə və yeni ideyalara yol verməli olduğunu açıq şəkildə bildirməsi ilə eyni vaxtda baş verir", - R.Sekuta bildirib.

Keçmiş səfir vurğulayıb ki, valyuta və dövlət gəlirlərinin böyük hissəsini təmin edən mühüm neft və qaz ehtiyatlarına sahib olan Azərbaycanın uzunmüddətli rifah və inkişaf üçün iqtisadiyyatını şaxələndirməyə ehtiyacı var: "İqtisadi islahatlarla bağlı qərarlar Azərbaycanın qərarlarıdır. Ötən həftə baş verən kadr dəyişikliyinin ölkənin intellektual mülkiyyətin qorunmasını yaxşılaşdırmaq, şəffaflığı gücləndirmək, qanunun aliliyini yaxşılaşdırmaq və korrupsiyaya qarşı mübarizə kimi addımlar ataraq islahatların tempini sürətləndirəcəyinə işarə olduğuna ümid edirik".

ABŞ-ın keçmiş səfiri fikrini belə tamamlayıb: "Xəzər regionunun digər ölkələri kimi, Azərbaycan da çoxsaylı iqtisadi problemlərlə üzləşir. Buna baxmayaraq, onun kölgə iqtisadiyyatına qarşı mübarizə aparmaq, korrupsiyaya qarşı mübarizədə səyləri ikiqat artırmaq, dövlətin iqtisadi fəaliyyətə lazımsız müdaxiləsindən uzaqlaşmaq, qanunun aliliyini gücləndirmək və sahibkarlığın inkişafı, iş yerlərinin yaradılması və firavanlıq məqsədilə başqa addımlar atmaq üçün imkanları var".

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Kadr islahatları labüddür, bu, qaçılmazdır" deyib. Dövlət başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. M.Cabbarov bu postda Azərbaycanın Baş Nazirinin müavini təyin olunan Şahin Mustafayevi əvəzləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR