"Bu, bizim bəstəkarların da biganəliyidən doğur" - Nazirdən etiraz

30-10-2019 [13:49]
"Son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqiləri səslənir, niyə bəstəkarlarımız bununla məşğul olmurlar?". 

Bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bəstəkarlara səslənərək bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb: "Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun". 

"Azərbaycanda gedən əhəmiyyətli mədəni hadisələrə bizim bəstəkarlarımız qatılmırlar", - deyən nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına və başqa musiqi festivallarının keçirildiyini vurğulayıb:

"Lakin biz o salonları yalnız son anda, daha çox musiqi məktəblərinin hesabına doldura bilirik. Niyə Bəstəkarlar İttifaqının üzvləri bu konsertlərə getmirlər? Niyə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız iştirak etmirlər? Onlara Azərbaycanda gedən proseslər maraqları deyil? Biz bu festivallar vasitəsi ilə dünya musiqisinə qoşuluruq. Klassik musiqi konsertlərinə diqqət niyə az olmalıdır? Necə olur ki, estrada müğənnilərinin konsertlərində yer tapılmır, amma klassik musiqi konsertlərində salon boş qalır və biz son anda zalı doldurmağa çalışırıq. Məncə, bu, bizim bəstəkarların da biganəliyidən doğur. Mən sizin hamınıza bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıram". /APA


SON XƏBƏRLƏR