Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib

img

29-10-2019 [18:43]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar strategiyasının dərinləşməsi çərçivəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı qətiyyətli siyasi iradədən qaynaqlanan sistemli institusional tədbirlər görülüb, mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər beynəlxalq standartlar nəzərə alınmaqla və bu prosesdə qabaqcıl xarici ölkələrlə təcrübə mübadiləsi aparılmaqla həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadilə məqsədilə ölkəmizə səfərə gəlib.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Baş Prokurorluqda görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, kriminogen duruma səlahiyyətli dövlət təsisatları tərəfindən ciddi nəzarətin həyata keçirildiyi, qeydə alınan bütün cinayətlərə, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə qarşı kəsərli mübarizənin təmin olunduğu, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası istiqamətində qətiyyətli işlərin görüldüyü, MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin müsbət göstəricilər əldə etdiyi diqqətə çatdırılıb.

Görüşdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırılıb. Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar və digər normativ hüquqi aktlar qəbul edilib.

İnam ifadə olunub ki, Azərbaycan və Litva respublikalarının korrupsiyaya qarşı mübarizə qurumları arasında Tvinninq layihəsi ilə təməli qoyulan və 2011-ci ildə "Anlaşma memorandumu”nun imzalanması ilə keyfiyyətcə yeni müstəviyə qaldırılan ikitərəfli əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək və öz səmərəsini verəcək.

Görüşdə çıxış edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkus göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki ölkənin korrupsiyaya qarşı mübarizə qurumları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda mühüm nailiyyətlər əldə etməsini vurğulayaraq, xüsusən məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olub. Xidmət rəisi Əli Nağıyev ilə keçirilmiş görüşdə qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Daha sonra qonaqlar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olublar. Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Hələ 2009-2011-ci illərdə Litvanın həmin qurumu ilə Baş İdarə arasında "Tvinninq” layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını bildirən K.Əliyev Avropa İttifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etməyin, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmağın ölkəmiz üçün çox önəmli olduğunu vurğulayıb, bu tədbiri birgə məhsuldar fəaliyyət kimi qiymətləndirib.

Çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində fəaliyyətə dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Baş İdarənin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.

Qonaqlar, o cümlədən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən "ASAN xidmət” modeli ilə tanış olmaq məqsədilə 5 saylı "ASAN xidmət” mərkəzində, eləcə də şəhərimizin müasir memarlıq incisi olan Heydər Əliyev Mərkəzində olublar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR