Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün yeni metodlar tətbiq olunur

29-10-2019 [18:28]

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi araşdırılır. Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, seminarda magistrant Xəyalə Əhmədova sosial şəbəkələrdə saxta profillər və onların aşkarlanmasında istifadə edilən maşın təlimi yanaşmaları haqqında məlumat verib.

Məruzəçi sosial şəbəkə saytlarının və tətbiqlərinin istifadə reytinqini diqqətə çatdırıb. O, sosial şəbəkələri təkcə sosial ünsiyyət vasitəsi deyil, həm də real və virtual dünyalarda baş verən bədniyyətli hərəkətlərin inikas olunduğu kiberməkan, müxtəlif maraqların mübarizəsinin getdiyi meydan kimi xarakterizə edib: "Adətən bu bədniyyətli hərəkətləri həyata keçirən subyektlər öz həqiqi kimliklərini saxta sosial şəbəkə profilləri vasitəsilə gizlətməyə çalışırlar. Saxta profillərin icra etdiyi funksiyalar onları yaradanların niyyətlərinə görə dəyişir və cəmiyyətdə müxtəlif mənfi fəsadlar doğurmağa yönəlir".

X.Əhmədova saxta profillərin yaradılması məqsədlərini, onların yaratdığı təhlükələri və saxta profillərin aşkarlanmasında istifadə edilən metodların qısa analizini diqqətə çatdırıb.



SON XƏBƏRLƏR