YAP Siyasi Şurasının üzvü: "Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”

29-10-2019 [15:21]
Qoşulmama Hərəkatı 120 dövlətin üzv olduğu, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı, eyni zamanda, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır.

Bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan 2011-ci ildən bu Hərəkatın üzvüdür: "Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşayan əhalinin sayı bütün dünya əhalisinin 55 faizini təşkil edir. Dünya neft ehtiyatlarının 75%-i, təbii qaz ehtiyatlarının 55%-dən çoxu bu ölkələrin payına düşür: "Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandı. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

"Təsadüfi deyil ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisə oldu” deyən Vüqar Rəhimzadə əlavə edib ki, XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər: "Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır”.

"İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, uğurlu siyasət nəticəsində artıq Azərbaycanda keçirilən bütün qlobal tədbirlər dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformaya çevrilir. Bu, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan və ölkəmizin əldə etdiyi böyük uğurlardan xəbər verir.

Vüqar Rəhimzadə vurğulayıb ki, quruma 3 il müddətində sədrlik səlahiyətinin Azərbaycanda olması ölkəmizin beynəlxalq aləmdəki yerinin, rolunun, çəkisinin, nüfuzunun daha da artmasına, möhkəmlənməsinə gətirib çıxaracaq: "Heç şübhəsiz, Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək və beynəlxalq aləm bir daha Azərbaycanın tərəqqisinin, çiçəklənməsinin, inkişafının şahidi olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru oldu”.


SON XƏBƏRLƏR