"Yaşımın çox olmasından kimə nə var?!" - Qocaman deputatlardan qəzəbli açıqlamalar

28-10-2019 [14:13]
Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.

"...daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, - İlham Əliyev vurğulayıb.

Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə  də vəzifədən ayırlması ilə bağlı  istefa ərizəsi yazıb.

Ardınca 81 yaşlı akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan azad edilib.

Yaşlı məmurlarla bağlı məsələ neçə gündür sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Bu müzakirələrdə bəziləri yaşlılara qarşı az qala savaş açıb...

Hətta iş o yerə çatıb ki, seçkili orqan olan Milli Məclisdə yaşlı deputatların növbəti dəfə parlamentdə təmsil olunmamaq  məsələsi də gündəm olub.

Ancaq ümumi kütlənin ardınca getməyənlər də az deyil. Bəziləri düşünür ki, bu cür çağırışlar işləmək imkanı olan yaşlı deputatlara qarşı kobud səhvdir. Digər tərəfdən, deputat məmur deyil və o, seçkili orqanda təmsil olunur.

Mia.az xəbər verir ki, Modern.az-ın əməkdaşı yaşlı deputatların məsələyə mövqeyini öyrənməyə çalışıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 72 yaşlı sədri Hadı Rəcəbli bildirib ki, yaşlı insanları bu formada aşağılamaq doğru deyil:

"Cənab prezidentin də elan etdiyi kimi, yaş məsələsi icra strukturlarına daha çox aiddir. Olur ki, fiziki imkanları məhdud olan insanlar işləyə bilmirlər. Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. 

Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq bu o demək deyil ki, ucdantutma hər kəsə aid olsun. Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə  və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, insanları yaşlarına görə bu formada aşağılamaq doğru deyil. Bütün cəmiyyətlərdə ağsaqqallar həmişə olub. Din xadimləri belə, həmişə yaşlı insanlar olub. Qərarları həmişə yaşlı insanlar verib. Mən də gənc olmuşam və bu gün gənclərin tərəfdarıyam. 

Cavanlıq məktəbini keçməyən sabah ağsaqqal ola bilməz. Bunlara da xüsusi yer ayrılmalıdır. Belə bir təcrübə var ki, dünyada deputatların 1,7%-i 35 yaşına qədərdir. Dünya statistiksında parlamentin orta yaşı 57-dir. Rusiya parlamentində orta yaş 49-dur. Rusiya dumasında 82 yaşında 3 nəfər deputat  var. Hesab edirəm ki, bunu yanlış anlamamalıyıq. Cənab prezidentin də dediklərində həqiqət var. Gənclərin təmsil olunmasına şərait yaradılmalıdır. Yaşlı insanlar ömür boyu vəzifədə oturmayacaq ki!”.

Milli Məclisin İntizam Komissiyasının sədri, 82 yaşlı deputat Ağacan Abiyev  yaşlı məmur və deputatların ələ salınmasından, lağa qoyulmasından, onlara qarşı sosial şəbəkələrdə savaş açılmasından narahat olduğunu dilə gətirib:

"Mənimlə elm və idman haqqında danışmaq lazımdır. Axı mənim yaşımın çox olmasından kimə nə var?! Mən idmançı adamam. İş qabiliyyətim də var. 70 ildir ki, elm və idmanın içindəyəm. Parlamentdə nə qədər işləmək gücündə olan deputatlar var. Məgər onlar pis işləyir?! Ona görə də bu cür insanları ələ salmaq olmaz. Gedib-gəlib mənim yaşıma ilişirlər. Ayıb deyil?! Hər kəs qocalıq yaşına çatacaq”.

Milli Məclisin 72 yaşlı deputatı Madər Musayevin sözlərinə görə, bütün yaşlı kadrları hədəf götürmək doğru deyil:

"Elə insanlar var ki, onların işləmək gücü var. Əgər bir insan işləmək gücündədirsə, onun yaşını qabartmağa ehtiyac yoxdur. Bir insan özündə işləməyək qabiliyyətini hiss edirsə, işləyir. Və ya kimsə işləmək gücündə deyilsə, niyə işləsin ki?!  Digər məsələ bir insanın  özbaşına işə qəbul olunmaması ilə bağlıdır. O,  işə götürüldüyü kimi  işdən də çıxarıla da bilər. Bu cür məsələlər rəhbərliyin məsləhətindən asılıdır. Yaşlı deputatlara gəlincə, gələn il seçkilər olacaq. Bu il 69 yaşı olanın gələn il 70 yaşı olacaq. Bəlkə kimsə deputat olmaq istəməyəcək?!”.


SON XƏBƏRLƏR