Deputat: "Əslində, yaşlı insanları heç kim silib atmır, ancaq onlar ya xoşluqla gedəcək, ya da..."

25-10-2019 [14:20]

Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr islahatları ölkə gündəminin əsas mövzusudur.

"Azpolitika.info” bu mövzu ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadədən müsahibə götürüb. 

Mia.az həmin müsahibəni təqdim edir:

– Asim bəy, Prezidentin son struktur və kadr islahatlarını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, prezident islahatlarla bağlı öz qərarını elan edib. Nəsillərin dəyişməsi, yeni təfəkkürə malik olan məmurların işə cəlb edilməsi, onlara böyük sahələrin etibar edilməsi müsbət hadisədir. Düşünürəm ki, yaxın müddətdə bu proses daha da dərinləşəcək. Çünki islahatları həyata keçirmək üçün islahtları bacaran, yeni təfəkkürə malik bacarığı olan kadrlara ehtiyac var.

- Prezidentin Əli Həsənov və Hacıbala Abutalıbovla görüşlərində "70 yaşından yuxarı insanlar nümunə götürüb istefaya getməlidir” mesajları kimlərə ünvanlanıb?

– Mənə elə gəlir ki, prezident bu mesajla bildirir ki, uzun illər məmur kimi işləyən kadrların artıq istirahət vaxtı gəlib çatıb. Yəni yaşlı məmurların işləri yüksək qiymətləndirilir. Amma onlar istirahətə getməli və gənclərin yolunu açmalıdırlar.

- Sizcə, yaşlı insanlar istirahətə gedəcəkmi?

– Mən ümidvaram ki, ya xoşluqla  gedəcəklər, ya da getməyə məcbur olacaqlar.

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hörmətlə yola salınması gözlənilməz oldu. Bu addımı necə şərh etmək olar?

-Mənə elə gəlir ki, Azərbaycanın idarəetmə istiqamətində islahatlar davam edəcək. Ümidvaram ki, idarəetmənin bütün istiqamətlərində-siyasət, iqtisadiyyat, sosial və digər sahələrdə addımlar davamlı olacaq. Bu da ölkəmizin sürətlə dəyişilməsinə kömək edəcək.

- Ramiz Mehdiyevin yola salınması digər işini itirən məmurlarla müqayisədə daha böyük əks-səda yaratdı. Müxalifət partiyalarının sədrləri bununla bağlı xüsusi şərh verdilər, sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirildi. Niyə Mehdiyevin istefaya göndərilməsi belə rezonansa səbəb oldu?

-Burada əsas məqam yaşla bağlıdır. Bir daha qeyd edim ki, siyasi və iqtisadi istiqamətlərdə yüksək çinli məmurlar müəyyən yaş həddinə çatandan sonra təqaüdə getməli və ya daha yüngül işə keçərək gənc nəslin yollarını açmalıdırlar.

- Ramiz Mehdiyevlə bağlı qərarı prezidentin kadr islahatlarının kulminasiya nöqtəsi sayanlarla razılaşırsınız?

-Düşünürəm ki,  islahatlar davam edəcək. Prezidentin islahatları daha da dərinləşəcək və bütün təbəqələri əhatə edəcək.

- Doğrudanmı Ramiz Mehdiyev hakimiyyətdə çox ciddi təsir imkanlarına malik siyasi fiqur idi?

-Əlbəttə, onun vəzifəsi əslində çox yüksək vəzifə idi. Bu onu göstərir ki, islahatlar bütün təbəqələri əhatə edəcək.

- Hələ də hakimiyyətdə xeyli yaşlı insan təmsil olunur. Onlar vəzifədən getmək istəməsə necə olacaq?

– Azərbaycan dövləti kifayət qədər güclüdür və ona heç kimin müqavimət göstərmək imkanı yoxdur.

- Amma iddialar var ki, kimlərsə islahatlara və kadr dəyişikliklərinə müqavimət göstərir. Hətta müxalifətin son aksiyası buna misal kimi göstərilir…

– Hesab edirəm ki, Azərbaycan dövləti bu cür müqaviməti dəf edə bilməsi üçün kifayət qədər güclüdür. İslahatlar davam edəcək.

- Bəzən deyirlər ki, yaşlı insanları tam silmək olmaz. Gənc kadrlar nisbətən təcrübəsizdir və idarəetmədə nəsillərin tandemi saxlanılmalıdır. Bu yanaşma nə dərəcədə doğrudur?

– Əslində, yaşlı insanları heç kim silib atmır. Konkret olaraq yaşlı insanların ölkədə gedən müsbət proseslərə dəstək ola bilərlər. Amma bunun üçün onların böyük vəzifələr tutmasına ehtiyac yoxdur. Onlar başqa platformalarda bu işə töhvə verə bilərlər. Məsələn, ehtiyac olarsa onlar məsləhət və tövsiyyələrini verə bilərlər.

- Konkret olaraq islahat və kadr dəyişikliklərinə maneə olmaq istəyən qüvvələrin məqsədi nədir?

– İslahatların qarşısı almaq istəyənlər əslində özlərində güc saxlamaq və xalqın hesabına zənginləşmək məqsədi güdənlərdir. Kadr dəyişiklikləri ilə belə məmurlardan tədricən xilas olunacaq.

-Siz 4 ay əvvəl ABŞ-da səfərdə olarkən bəyan etdiniz ki, sovet idarəetmə təfəkküründən xilas olmalıyıq. O zaman siz ölkədə ciddi kadr islahatları aparılacağından xəbərdar idiniz?

– Mən o zaman bu fikirləri ona görə dedim ki, Azərbaycan islahatlara başlayırdı. Yeni təfəkkürə sahib məmurlara ehtiyac olduğunu düşünür, bu istiqamətdə zəruri addımların atılmasının, yeni nəsil icraçılarını yetişdirməsini vacib sayırdım. Hesab edirdim ki, bunun üçün təhsil sistemi də dəyişməli, yeni kadrlar hazırlamalıyıq. Görürsünüz ki, ölkədə islahatlar inkişaf edir, dərinləşir. Kadr dəyişikliyi də yeni nəsl insanların yolunu açır. Mən düşünürəm ki, bu çox yüksək prosesidir. Konkret olaraq bir neçə ay bundan əvvəlki bəyanatıma gəldikdə isə deyim ki, həmin vaxt mən sadəcə zərurətdən danışmışdım. Yəni informasiyam yox idi, sadəcə bu addımların atılmasının zəruri olduğunu qeyd etdim. Gördüyünüz kimi Prezident də real addımlar atdı. Bu proses dəstəklənməlidir.

- Bəzən kadr islahatlarını tərifləyən mütəxəssislər hesab edirlər ki, inkişaf üçün sistem dəyişikliyi də baş verməlidir…

– Əgər ehtiyac və iradə varsa, mütəmadi addımlarla sistem dəyişikliyi də həyata keçirilə bilər. Amma belə dəyişiklik bir neçə saniyə ərzində baş verə bilməz. Mənə elə gəlir ki, Azərbaycan xalqının belə bir islahatlara və dəyişikliklərə potensialı var. Azərbaycan xalqı istedadlı xalqdır və əminəm ki, Azərbaycan mütləq inkişaf yolunda davam edəcək.

- Kadr dəyişikliklərindən sonra sistem dəyişikliyi ortaya çıxa bilərmi?

– Mənə elə gəlir ki, tədricən hər şey ola bilər.

- Sosial şəbəkələrdə iddialar səslənir ki, bəzi ölkələr Azərbaycana kadr islahatlarında təsir etmək istəyir, burada beşinci kolonları var, təsirlərini saxlamağa çalışırlar və s. Sizcə, belə iddialar nə dərəcədə doğrudur?

– Hesab edirəm ki, belə cəhdlər ola bilər. Amma bununla yanaşı Azərbaycan dövləti öz daxili işlərinə qarışmaq istəyən kənar qüvvələri dəf etməyə qadirdir.

- Milli Məclisin sonuncu toplantısı zamanı deputatlar çıxışlarında oktyabrın 19-da Bakıda Milli Şuranın keçirdiyi mitinq tənqid etdi. Bunun islahatların aparılması ilə eyni vaxtda düşməsi təsadüfi sayılmadı və bəziləri buna görə, xarici ölkələri tənqid etdi. Sizcə, qərb ölkələri və ABŞ indiki situasiyada Azərbaycanda sabitliyin pozulmasında maraqlıdır?

– Mən düşünmürəm ki, bu prosesdə həmin ölkələrin əli ola bilər. Əksinə, hesab edirəm ki, bu hadisələrdə daxildə qeyri sağlam olan məmur təbəqəsinin rolu ola bilərdi.

- Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin və Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin diplomatı ilə danışmasının qəfildən ortaya çıxması, bunun mətbuata sızdırılmasının arxasında kimlər dura bilər?

– Mənə elə gəlir ki, hansısa cılız oyunlar Azərbaycanın heç bir ölkə ilə münasibətinə mənfi təsir göstərə bilməz. Tam əminəm ki, Azərbaycan ABŞ, Avropa Birliyi və qonşu ölkələrlə öz problemlərini özü həll etmək gücündədir. Bu gün Azərbaycanın xarici siyasət prioriteti əməkdaşlıqdan və tərəfdaşlıqdan ibarətdir. Azərbaycan bu istiqamətdə işlərini davam etdirir. Ona görə də, kimlərsə öz fəaliyyəti ilə Azərbaycanın xarici münasibətlərinə zərər gətirmək, onu izolyasiya etmək niyyəti güdürsə, buna heç vaxt nail olmayacaq. Azərbaycan dünyaya açıqdır. Azərbaycanda sabitliyi poza bilməyənlər düşünə bilərdi ki, dövlətin xarici əlaqələrinə xələl gətirsinlər. Bu mümkün olmayacaq. Azərbaycan öz strategiyasını davam etdirəcək.

Qeyd edim ki, Azərbaycanın tarixi bir missiyası var. Bu missiyada ondan ibarətdir ki, biz fərqli dinlərə, qrupların əməkdaşlığı ölkə daxilində necə qoruyub saxlayırıqsa, bunu beynəlxalq münasibətlərdə də davam etdirən dövlətik. Azərbaycanın bu yanaşması digər ölkələr tərəfindən olduğu kimi qəbul ediləcək.

- Azərbaycanda siyasi elitanın nisbətən gəncləşməsi ölkəmizin beynəlxalq imicinə müsbət  təsir göstərə bilərmi?

– Əslində Azərbaycandakı islahatlar dünya tərəfindən dəstəklənəcək. Çünki peşəkarlar Azərbaycanın istədiyi əməkdaşlığı daha uğurla həyata keçirə biləcəklər.



SON XƏBƏRLƏR