Yeni nazirliyin 43 yaşlı rəhbərinin zəngin həyat yolu - Mikayıl Cabbarov kimdir?

23-10-2019 [19:05]
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Prezidentin sərəncamı ilə isə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunub.

 Mia.az 43 yaşlı nazirin zəngin karyerasından bəhs edən məlumatları təqdim edir:

Cabbarov Mikayıl Çingiz oğlu  1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Evlidir.

2 övlad atası olan M. Cabbarov Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

M. Cabbarov 1995-ci ildə bank sektorunda əmək fəaliyyətinə başlayıb. 1999-2002-ci illər - özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illər - İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb.

2003-2004-cü illər - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

2004-cü ildə Prezidentin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib. 

2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

19 aprel 2013-cü ildə təhsil naziri vəzifəsinə təyin edilib. 

2017-ci il 5 dekabr tarixində vergilər naziri vəzifəsinə təyin edilib. Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 

1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996-1997-ci illər - Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini olub. 1996-1997-ci illər - "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub.

1997-ci il - Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununda iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir.

2002-ci ildə "Breyn rinq" üzrə dünya və "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olub.

2015-ci ildə Azərbaycan Badminton Federasiyasının, 2017-ci ildə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.


SON XƏBƏRLƏR