Tofiq Yaqubludan xəbər var - Ombudsmandan açıqlama

23-10-2019 [15:43]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə həyata keçirilib.

Ombudsman Aparatından Mia.az-a verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyəti və sənədləşmə araşdırılıb.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Tofiq Yaqublu qəbul edilərək konfidensial qaydada dinlənilib, müraciətləri qəbul olunub. Müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmin olunma vəziyyəti, qaldırılan məsələlər, sənədləşmə araşdırılıb, onların bir sıra müraciətləri, o cümlədən T.Yaqublunun ailə üzvü ilə görüşü və saxlanma şəraiti ilə bağlı müraciəti təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.


SON XƏBƏRLƏR