"Doğmalarımla fəxr edirəm" - Arif Hacılı ittihamlara belə cavab verdi

img

18-10-2019 [10:42]


Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın IX qurultayında Sərbəst Məclis Üzvlüyünə (SMÜ) seçilən bir neçə müsavatçı haqda səsləndirilən iddia və ittihamları cavablandırıb.

Mia.az xəbər verir ki, Müsavat başqanı sürücüsünün olmadığını deyib: "

"Mənim sürücüm yoxdur. Avtomobilimi özüm idarə edirəm.

1. Kərimxan Zeynalov Xalq Təsərrüfatı Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Uzun müddət Respublika Aqrar Sənaye Nazirliyində yüksək vəzifələrdə çalışıb. Doğulduğu Zəngilan rayonunun, o regionun ən nüfuzlu adamlarından biridir. 20 ildir Müsavat Partiyasının üzvüdür. Biz onunla qonşuyuq. Qərargaha birlikdə gəlib-gedirik. Bəzən o, bəzən mən sükan arxasında otururuq.

2. Ziyarət Səfərova katiibə deyil. Müsavat Partiyası başqanının köməkçididir. 27 ildir Müsavat Partiyasının üzvüdür. Əvvəllər də Məclis üzvü idi.

3. Mustafa Hacıbəyli 27 ildir Müsavat Partiyasının üzvüdür. Partiyanın Zaqatala təşkilatının qurucularından biridir. 20 ildir ki, Müsavat Məclisinin üzvüdür. Bütün bu dövr ərzində fasiləsiz olaraq Müsavat Partiyasının mənafeləri naminə vuruşan, bu yolda hər çür məhrumiyyətlərə dözən, dəfələrlə həbs olunan azsaylı müsavatçılardan biridir. Mən onun siyasi karyerası yolunda maneəyəm. İsa Qəmbər hələ 2006-cı ildə demişdi ki, Mustafa Arif Hacılının qardaşı olmasa çoxdan onu Müsavat Başqanının müavini təyin edərdim.

4. Ayxan Hacıbəyli 18 yaşından Müsavat üzvüdür. Yüksək təhsilli, Azərbaycan vətənsevəri olan bir gəncdir. Gənclər təşkilatının üzvüdür. Gənc yaşına baxmayaraq, dəfələrlə həbs olunub. Xaricdə təhsil alıb, amma xaricdə qalmadı. Mübarizəsini davam etmək üçün Azərbaycana qayıtdı. Partiyanın təbliğat və informasiya işinində fəal iştirak edir. Son qurultaydakı mandat və digər sənədlərin dizaynı ona məxsusdur.

Qardaşımın digər oğlu, Tural Hacıbəyli də 18 yaşından Müsavat üzvüdür. Müsavat və Azərbaycana xidmət edən gənclərdəndir. Dəfələrlə meydanlarda həbs olunub. Avropa İnsan Haqları Məhkəməsində hakimiyyətə qalib gəlib. Namizədliyini irəli sürsə şübhəsiz seçilərdi. Onlar təvazökar adamlardı. Siz onları tanımasanız da Müsavat üzvləri onları yaxşı tanıyır. Hələ bir qardaşım da var. Vaqif Hacibəyli. O, Azərbaycanda yeni dövr müstəqil mətbuatının yaradıcılarından biridir. Dəfələrlə həbs olunub. O da Avropa Məhkəməsində hakimiyyəti məğlub edənlərdəndir, daim Müsavatın müttəfiqi olub, 27 ildir ki bizə fasiləsiz dəstək verənlərdəndir. Hələ qızım və oğlum da 18 yaşlarından Müsavat üzvləridir. Heç yerə namizədliklərini irəli sürməyiblər. Heç bir iddia qoymadan Müsavat və Azərbaycan üçün çalışanların sırasında övladlarım da var.

Bir dəfə mən, qardaşlarım Vaqif və Mustafa, eyni vaxtda üçümüz də həbsdə olanda jurnalistlər Zaqatalaya gedib anamdan buna münasibət soruşmuşdular. "Mən övladlarımın xalq naminə özlərini fəda etməyə hazır olduqlarına görə fəxr edirəm”,- demişdi. 

Kimlərsə yaxınlarının, doğmalarının hakimiyyətin təzyiqi ilə onlardan imtina etməsi ilə fəxr edə bilər. Mən isə yaxınlarımın, doğmalarımın bütün mərhumiyyətlərə, təzyiqlərə, həbslərə baxmayaraq, mənimlə birlikdə Azərbaycan davası aparmalarına görə fəxr edirəm”.

Xatırladaq ki, oktyabrın 13-də Müsavat Partiyasının IX qurultayı keçirilib. Arif Hacılı yenidən başqan seçilib. Digər namizədlər - Müsavat Partiyası Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıya müvafiq olaraq 51 və 20 nümayəndə səs verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı