“Mafioz qüvvələr islahatları durdurmaq üçün onlardan istifadə edir" - Deputatdan maraqlı açıqlamalar

img

17-10-2019 [11:45]


Mia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularına təqdim edir: 

- Qüdrət bəy, NATO Parlament Assambleyasının Londonda baş tutan payız sesiyası necə keçdi?

- Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki o, Çexiyada səfir olanda, NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi.

- Bəlkə xəstə imiş və ya ola bilsin başqa vacib işi olub...

- O halda mən fikir bildirməzdim. Parlament Assambleyasının iclasları keçirilən zaman  səfir ənənəvi qaydada  əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış. Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur. PA-nın iş prinsipinə gəldikdə isə  əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər  ciddi siyasi institutut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün  maksimum dərəcədə faydalanmalıyıq.

- Qüdrət bəy,  "fit müxalifəti”nə Lökbatanda mitinq keçirilməsi üçün yer ayrılsa da onlar icazəsiz aksiya keçirəcəklərini bəyan ediblər. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

- Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Mitinqin təşkilatçıları  da  bunu görür, xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün  Lökbatana getməkdən imtina edirlər. Özünüz fikirləşin, 10 minlərlə insan onların çağırışına cavab verib, Lökbatana getmək üçün "Azneft"in, yaxud FHN-nin qarşısındakı dayanacaqlara toplanıb avtobus gözləsə, avtobus olmasa, piyada  Lökbatana yürüş etsə, daha effektli olmazmı? O zaman iqtidar bunun qarşısını alarsa, haqlı olaraq həm cəmiyyətin, həm beynəlxalq birliyin ciddi təpkisi ilə üzləşər. Çünki Lökbatana yol iki istiqamətdən mümkündür. Yoxsa icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq daha effektli olar? Aksiyaya icazə verilməsəydi, bu başqa məsələ. Mənə elə gəlir ki,onlar icazəsiz aksiya keçirməklə özlərinin "payız kompaniyası”nı hələ başlamamış yekunlaşdıracaqlar. İndiyədək  bu tipli qərarları çox olub.

Mən üzümü narazı insanlara tutub deyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Onlara elə məqamda elə tapşırıqlar veriləcək ki, böyük xəyal qırıqlığına uğrayacaq, siyasi proseslərdən uzun müddətə uzaqlaşacaqsınız. Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız məhrumiyyətlərlə üz-üzə qoyub, kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq  imicinə zərbə vurmayın.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı