Məhərrəm Əliyevin qohumunun məhkəməsi başlayır

img

11-10-2019 [18:03]


Bakıda silahlı insident törətməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakini Əzizov İsa Nadir oğlu və yanında olan digər şəxslər bir neçə nəfərə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki "Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından "Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

Hadisənin digər iştirakçıları ilə bağlı cinayət işləri ayrıca icraatda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur. Adil Əliyev isə mətbuata açıqlamasında "Biz İsa Əzizovun əməllərinə cavabdeh deyilik" deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR